Bu gün prezident İlham Əliyevin doğum günüdür. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da ölkə başçısını doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident!

Bu gün onun günüdür. Bu gün həm də yalnız onun doğum günü deyil. Bu gün hamımızın millət olaraq yenidən doğuluşumuzun günüdür əslində. Yeddidən yetmişə hamı gecə saat 12 ni gözləyir ki, cənab prezident İlham Əliyevi təbrik etsin. İnsanlarımızı anlamaq heç də çətin deyil və bu xoş tələskənliyə haqq qazandırmaq lazım. Axı o, təkcə dövlətin və millətin başçısı deyil, həm də ümummilli xilaskardır. 30 il öncə Ulu Öndər millətimizi yox olmaq təhlükəsindən necə xilas etmişdisə, iki il öncə Ali Baş Komandan İlham Əliyev də bizi eyni məharətlə, eyni ustalıqla Vətənsizlik dərdindən xilas etdi, on minlərlə şəhidimizin narahat dolaşan ruhlarının təskinlik tapmasının səbəbkarı oldu.

Sadə vətəndaşlardan fərqli olaraq bir məmurun dövlətin başçısını doğum günü münasibətilə təbrik etməsi, bu zaman pafoslu ifadələrdən istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmaya da bilər. Amma yağı caynağında olan, üstəlik bəşəriyyətin ən alçaq və qəddar qətliamı törədilmiş yurd həsrəti elə bir ağır dərddir ki, 28 ildən sonra onun azad edilməsinin xoşbəxtliyini ifadə etməyə söz aciz qalır.

Bəli, İlham Əliyev dünyanın 8-ci möcüzəsi hesab edilən Kəlbəcərimizi bizə qaytaran müzəffər komandan kimi təkcə tarixə deyil, hər bir kəlbəcərlinin qəlbinə adını qızıl hərflərlə yazdırmağı bacardı. Belə bir tarixi şəxsiyyətlə, misilsiz dövlət xadimi ilə fəxr etməyin, qürur duymağın özü də fövqəladə bir hisdir. Yaşa cənab prezident! Yüz yaşamaq və bu ölkəni daha parlaq gələcəyə aparmaq Sizin haqqınız və ilahi missiyanızdır!

Dərin hörmət və ehtiramla, Cavid Qurbanov
































































































