"Elbrusdan soruşmaq lazımdır ki, 1992-ci il mayın 19-da Qubadlı camaatı səni tutub həbsə atanda dalınca səni xilas etməyə gələn və özü də tutulub yanına atılan həmin vaxt baş qərargah rəisi olan, “QRU” agenti Şahin Musayev deyildimi?.."
Keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Moderator.az əməkdaşıyla bu dəfəki söhbətində 1992-ci ilin aprel-mayında Şuşa-Laçın-Qubadlı-Zəngilan ərazilərində briqada komandiri və hərbi komendant olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsində səsləndirdiyi bəzi ziddiyyətli məqamlara münasibət bildirib, bir sıra suallara aydınlıq gətirib.
(Əvvəli burada: //moderator.az/az/ekskluziv/579458/elbrus-orucovun-bextiyar-pasanin-musavir-teyinati-erefesinde-danismasi-tesadufdurmu/)
-Arif bəy, deməli, hesab edirsiz ki, Elbrus Orucovun Eynulla Fətullayevə müsahibə verməsinin Bəxtiyar paşanın müşavir təyinatı ilə hansısa əlaqəsi var?..
-Bəli, əlbəttə, əlaqəsi var... Rusiya kəşfiyyatı yaxşı bilir ki, artıq Bəxtiyar paşa kimi nüfuzlu bir Türkiyə nümayəndəsi, Türkiyə generalı, paşası birbaşa rəsmən Bakıda oturduqdan sonra rusbaşlıların təmizlənməsi prosesi gedəcək. Ona görə də Elbrus kimilərə göstəriş verirlər ki, onsuz da “yükümüz ağırdır” çoxlarını, Nəcməddin kimilərini bayıra atmaq məcburiyyətindəyik, heç olmasa, onları söyün ki, bəlkə siz orada salamat qalasınız... Buna görə də Elbrus müsahibəsində Nəcməddini pisləyir, “satqın” adlandırır...
-Bəs maraqlıdır ki, Elbrus Orucov sözügedən müsahibəsində özü Rusiya “QRU”-nun agenti olduğunu 1998-ci ildə birbaşa keçmiş daxili işlər naziri Ramil Usubovun qarşısında etiraf etmiş(R.Usubovun bu haqda 2018-ci ildə Azərbaycan qəzetində müsahibəsi var) Azərbaycan ordusu Baş Qərargahının keçmiş rəisi Şahin Musayevi niyə sanki dolayısıyla təmizə çıxarır? Guya Şahin Musayevlə bircə dəfə - yalnız 16 aprel 1992-ci ildə görüşüb. 30 aprel 1992-ci ildə isə Ş.Musayev öz vəzifəsindən çıxarılıb. Yəni Şuşa və Laçının işğalı zamanı guya Şahin Musayev vəzifədə olmadığından həmin rayonların işğalına görə məsuliyyət daşımır... Heç jurnalist də bu haqda ona sual etmir...
-Elbrusdan soruşmaq lazımdır ki, bəs Laçının işğalı zamanı – mayın 18-də Güləbird kəndində raport verdiyin və “yorulmuşam, xahiş edirəm, mənə nəzuniyyət verin” dediyin, mayın 19-da Qubadlıda camaat səni tutub həbsə atdıqdan sonra sənin arxanca gələn və özü də “müharibə getdiyi üçün Qubadlı camaatı köçürülməlidir” dedikdən sonra sənin yanına atılan həmin vaxt baş qərargah rəisi olan, “QRU” agenti Şahin Musayev deyildimi? Düzdü, həmin gün sonradan müdafiə naziri Rəhim Qazıyev də Bakıdan təcili Qubadlıya gəlmişdi və Elbrusla Şahini camaatın əlindən böyük xahiş-minnətlə o almışdı. Amma Rəhim bəy onları çox istədiyindən azad etdirməmişdi. Sadəcə, ordunun, Müdafiə Nazirliyinin nüfuzu xatirinə qubadlılardan onların buraxılmasını xahiş etmişdi...Yəni Rəhim Qazıyev Şahin Musayevlə Elbrus Orucovla bir adam deyil... Kim nə deyir-desin, mən belə qənaətə gəlmişəm ki, bütün səhv və xətalarıyla bərabər Rəhim Qazıyev vətənpərvər insandır...
...1992-ci il mayın 20-də Azərbaycan Ali Sovetinin Milli Şurası Şahin Musayevin həbs edilməsi haqda qərar qəbul etmişdi. Mayın 23-də isə AXC hakimiyyəti tərəfindən Şahin Musayev haqqında Rusiya ordusunda Baş Kəşfiyyat İdarəsinin agenturasının Azərbaycandakı nümayəndəsi kimi cinayət təqibi başlanmışdı, o isə qaçıb Kalininqraqda gedə bilmişdi...
-Arif bəy, bildiyimə görə, bir neçə il öncə Elbrus Orucov sizinlə görüşüb xeyli söhbət edib? Necə oldu ki, barəsindəki bu qədər mənfi fikirlərinizə rəğmən onunla görüşə razılıq verdiniz?
-Mən Türkiyəyə getməmişdən öncə, təxminən 2018-ci ildə Şuşanın keçmiş batalyon komandirlərindən biri -Fəxrəddin Səfərov və Qubadlının keçmiş batalyon komandirlərindən biri Saleh Rüstəmovla bir yerdə idim. Gözlənilmədən Elbrus Orucovdan zəng gəldi və o, təkid etdi ki, səninlə görüşmək istəyirəm. Çox təkiddən sonra razılıq verdim. Və Fəxrəddin və Saleh bəylə bir yerdə Elbrusla “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında görüşəsi olduq. Müdafiə Nazirıliyinin keçmiş rəhbər əməkdaşlarından olan və Şuşa və Laçının işğalı zamanı E.Orucovun yanında olmuş Məhərrəm Cahangirov da onunla idi. Çay içdik, çörək kəsdik... Elbrus məni qucaqlayıb ağladı ki, mən o vaxt çox şeyi bilməmişəm, səhv etmişəm, günah etmişəm, bundan sonra biz qardaş olmalıyıq, çünki ikimiz də döyüşmüşük və müharibə də uduzsaq da, əslində ermənilərə qarşı yox, Rusiyaya qarşı döyüşmüşük... Mən də ona cavab verdim ki, əgər Rusiya bu gün o boyda Ukraynadan Krımı ilhaq edə bilibsə, səni əvvəlki kimi çox qınamıram... Düzdü, günahın var, səhvin var, amma heç sən də Şuşa və Laçının işğalı zamanı Suvorov da olsaydın, Rusiyanın planı üzrə gedən o işğalın qarşısını ala bilməzdin... O da cavabında yenə ağladı, gətirdiyi gitarada rusca döyüş mahnıları oxudu və s... Həmin görüşdən az sonra elə oldu ki, mən xeyli müddət üçün Türkiyəyə gedəsi oldum. Və orada bir gün eşitdim ki, Elbrus Orucov hardasa müsahibə verib və deyib ki, Arif Paşa məni görüşə çağırdı və məndən üzr istədi... Mən isə cavab verdim ki, Elbrus Orucov məni həbs etdirmiş adamdır, mənim torpağımın işğalında iştirak etmiş bir şəxsdi, mən nəyə görə ondan üzr istəməli idim... Belə çıxdı ki, deməli, bu adam kəsdiyi çörəyə də xəyanət etdi... Mən onu bağışlamağa cəhd etdim, amma təəssüf ki, o yenə də öz xislətini bir daha nümayiş etdirdi... Hələ bundan sonra o yenə də mənimlə münasibət yaratmağa cəhd göstərdi...
-Bəs sizinlə görüşdə general E.Orucov Şuşa və Laçının işğalı haqda o günədək demədiyi əlavə nəsə danışdımı?
-Yox, o, əlavə nə danışa bilərdi ki? Mən Elbrusun dabbağda gönünə bələdəm və onun Şuşa və Laçında etdiyi hər şeyi bilirəm... Əksinə, o cəhd edirdi ki, bəzi məsələlərdə mən onu təmizə çıxardım. Fəqət, mən Vətən, torpaq, xalq məsələsində atama, qardaşıma da güzəştə gedən adam deyiləm...
Onu da deyim ki, Rusiyanın tanınmış hərb məktəblərində təhsil almasına, artıq general olmasına rəğmən Elbrus bir real döyüş hərbçisi kimi çox səriştəsiz və bacarıqsızdır. Hərbi sahədə yalnız tankdan savayı heç nəyi bilmir. O, taktiki döyüşü bilmir, onun bu sahədə biliyi, bacarığı sıfra bərabərdir... “You Tube” kanalındakı son çıxışımda onu sırf döyüş şəraitində əməliyyat-taktiki baxımından savadlarımızı da müqayisə üçün polemikaya dəvət etmişəm; demişəm ki, gəl, xalqın qarşısında danışaq; sən general, mən də polkovnik. Görək kim daha savadlı və həm də haqlıdır...
Sultan Laçın






























































































