Bayram axşamlarında açılan süfrənin günün tələbinə uyğun və gözoxşayan şəkildə bəzədilməsi xanımların diqqətində olur. Onlar bayram süfrəsini daha gözəl və rəngarəng etmək üçün cürbəcür yeməklər bişirir, süfrə dekorunu yeni ilə məxsus şəkildə hazırlayırlar.
Bəs bu bayramda süfrələrimizdə hansı təamlar olmalıdır? Həmçinin Yeni ilə uyğun süfrə necə hazırlanmalıdır?
Aşbaz Elgün Məmmədov Bizim.Media-ya açıqlamasında Yeni ildə süfrənin olmazsa-olmazları haqda məlumat verib:
MÖVZU İLƏ BAĞLI:
Dünya xristianlarının MİLAD BAYRAMI – Azərbaycana bu bayramdan hansı pay düşür?
“Yeni il bayramında milli mətbəximizə aid hər cür təamı süfrəmizə qoya bilərik. Bu plov, dolma, müxtəlif növ salatlar ola bilər. Kabab da süfrəmizin əvəzolunmaz təamıdır. Lakin bunu da diqqətə çatdırım ki, bişirilən yeməkləri qarışdırmaq, çoxlu yemək mədə-bağırsaq sisteminiz üçün təhlükəli ola bilər. Əgər süfrədə plov və kabab varsa, un və un məmulatları süfrədə olmamalıdır. Balıq qızartması, buğlaması da bayram günlərində süfrələri bəzəyən təamlardandır. Həmçinin Yeni il süfrələrimizdə adətən “hinduşka” adlandırdığımız hind toyuqlarından da kabablar, qazan yeməkləri hazırlanıb qonaqlara təqdim edilə bilər”.
Aşbaz həmçinin bayram süfrəsinin hazırlanması qaydasından da danışıb:
“Süfrəyə rəngarəng salfetlər, şamlar düzülə bilər. Bunların rəngi xüsusilə qırmızı və göy rəngdə seçilsə yaxşı olar. Bu il pələng ili olduğu üçün simvolik olaraq pələng dərisi rəngində süfrələr salına və aksesuarlardan da istifadə oluna bilər. Hazırlanan salatlar isə küknar ağacı formasında süfrəyə təqdim olunarsa, "Yeni il" kombinasiyası tamamlanmış hesab edilə bilər”.
Səkinə Yusibli, Bizim.Media