“COP29 dövlətimizin üçüncü tarixi qələbəsidir” - Anardan Prezidentə müraciət

“COP29 dövlətimizin üçüncü tarixi qələbəsidir” - Anardan Prezidentə müraciət

Hazırda oxunan: “COP29 dövlətimizin üçüncü tarixi qələbəsidir” - Anardan Prezidentə müraciət

220909

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Bizim.Media “525-ci qəzet”ə istinadən müraciətin mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

COP29-un böyük uğurla keçirilməsi, Sizin bu tədbirdə parlaq çıxışlarınız ölkəmizin başını daha da ucaltdı. Bədxahlarımızın bütün cəhdlərinə baxmayaraq, dünya Azərbaycanı sanki kəşf etdi, yenidən tanıdı. Qədim tarixi, zəngin və əlvan mədəniyyəti olan, bu gün qurucu bir həyatla yaşayan, dini və milli dözümlülük, tolerantlıq amallarına daima sadiq qalan, otuz il işğal altında qalmış və vandallar tərəfindən xarabaya çevrilmiş torpaqlarını öz gücü ilə azad edən, ərazi bütövlüyünü son qarışınacan əbədi bərpa edən qürurlu və məğrur bir xalqın vətəni Azərbaycan – Ulu öndərin dediyi kimi, dünyaya günəş kimi doğdu.
 

O da təsadüfi deyildir ki, müqəddəs dinimiz İslamın Yaşılı ilə Təbiətin rəmzi olan Yaşıl bir vəhdətdə – mənəvi və əxlaqi dəyərlər vəhdətində qovuşur.


Ayrı-ayrı insanlar içində paxıllar olduğu kimi, paxıl dövlətlər də var. Daha doğrusu, paxıl siyasətçilər tərəfindən idarə olunmağa məruz qalmış məmləkətlər. Füsunkar təbiətimizə, yeraltı sərvətlərimizə həsəd çəkənlər, hətta dənizimizə, küləklərimizə, bol-bol günəşli günlərimizə də qısqanclıqla yanaşırlar. Bizi təkləmək, boykot etmək cəhdləri də məhz bu gücsüz hiddətdən, aciz hikkədən doğur. Ölkəmizi təkləmək istəyənlərin arzuları ürəklərində qaldı. Özləri təkləndilər.

Fransız xalqı bəşəriyyətə ədəbiyyat, sənət, elm, maarif sahəsində dahi insanlar bəxş etmiş böyük millətdir. Amma bu ölkənin müstəmləkəçilik xumarından hələ də ayılmamış bədnam siyasətçiləri əzdikləri xalqların fəryadını, iqlim fəsadı ilə tamamilə yox olmaq təhlükəsinə görə çəkdikləri harayı eşitmək istəmirlər. Zəbt etdikləri xalqlara öz doğma dillərini unutdurub fransız dilini sırıyan müstəmləkəçilər bu məqsədlə hətta fransızca danışan ölkələr birliyi – frankofon təşkilatı yaradıblar. Amma indi nə XIX əsrdir, nə də XX yüzillik. XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır - Fransanın özündən, bir də “frankofon” Ermənistandan.

Hörmətli Prezidentim!

44 günlük zəfər savaşından və 23 saatlıq antiterror əməliyyatından sonra COP29-un Bakımızda belə möhtəşəm keçirilməsi şəxsən Sizin, xalqımızın, müstəqil dövlətimizin Üçüncü tarixi qələbəsidir.

Qələbələr qüruru və dərin minnətdarlıq hissi ilə

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO