Avropada “Tutuquşu” adlı xəstəliyin yayıldığı bildirilir. Artıq Danimarka, Almaniya, İsveç və Niderlandda 30 yoluxma, beş ölüm faktı qeydə alınıb. Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı dünya əhalisinə xəbərdarlıq edib.
Koronavirus pandemiyasından sonra yayılma ehtimalı olan istənilən xəstəlik insanlarda təşvişə səbəb olur. Ölkəmizdə qızılca xəstəliyinin yayıldığı vaxtda yeni adda xəstəliyin yayılacağı iddiası haqlı olaraq narahatlıq yaradır.
Xəstəliyin adı da donuz, quş qripi, meymun çiçəyi kimi yayılacağı və epidemiya yarada biləcəyi ehtimalını saxlayır.
Maraqlıdır, xəstəliyin mənşəyi nədir? Ümumiyyətlə, viruslara adlar necə verilir və adların qaynağı nədən yaranır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-infeksionist Nilufər Məmmədova deyib ki, quş xəstəliyi viruslar tərəfindən yox, bakteriyalar tərəfindən törədilən xəstəliklərdir:
“Bunun başqa adı ornitoz, psittakoz xəstəliyidir. Mənbəyi bakteriyanı gəzdirən quşlardır ki, bu törədicilər də 140 və daha artıq quş növündə tapılıb. Adətən, çöl quşlarından ev quşlarına keçir. Ördək, hind quşu, toyuq, göyərçin, tutuquşu insan üçün əsas təhlükə mənbəyidir. Çünki bunların çoxu burun seliyi ilə bakteriyaları ifraz edirlər. İnsan orqanizmi bu xəstəliyə həssasdır.
Mikroblar hava-damcı yolu ilə daha çox yoluxur. Laboratoriya şəraitində də yoluxma mümkündür, amma bir insan ornitozu başqalarına keçirmir, yəni insandan insana keçmə çox nadir halda baş verən bir şeydir. Adətən, quşa qulluq etdikdə, tükünü yolduqda, kəsdikdə insana yoluxa bilir. Bu xəstəliyə tək-tək yoluxma halı hər zaman olub. Bəzən ailə daxilində yoluxma görülə bilən haldır”.
Mütəxəssis xəstəliyin bir çox simptomla müşahidə olunduğunu bildirib:
“Sözügedən virusa yoluxma zamanı temperaturun yüksəlməsi, insanda 38, 39 bəzən daha yüksək temperatur, üşütmə olur və bu qəflətən başlayır. Baş, boğaz, oynaq, beldə ağrı, tərləmə olur. Əzginlik, kefsizlik, ürəkbulanma halları xəstəliyin daha erkən dövrlərində görülə bilir, bəzən isə pasiyentlərin üzündə şişkinlik, dodaqlarında göyərmə, gözlərində azca qızartının olması mümkündür.
Mədə-bağırsağa gəldikdə isə iştahsızlıq, ürəkbulanma, qəbzlik, qusma ola bilər. Adətən quru, bəzən selikli, irinli, bəlğəmli öskürək də əmələ gələ bilər. Getdikcə qaraciyər, dalağın böyüməsi, dilin qalınlaşıb, üzərinin ərplə örtülməsi halları da müşahidə edilə bilər. Bu şəxslərdə yuxululuq, əsəbilik kimi hallar da qeydə alınır”.
Həkim belə xəstələrə diaqnoz qoyulmasının çətin olduğunu vurğulayıb:
“Bu simptomlara əsasən rentgen, laborator müayinələr aparılır. Onun nəticəsində diaqnoz qoyulur. Xlamidiya bakteriyası olduğu üçün antibiotiklə müalicə olunur. Buna qarşı vaksin yoxdur, ona görə də quşçuluq fermalarında, tük, lələk emalı müəssisələrində, xaricdən gətirilən dekorativ quşların sağlamlığı üzərində sanitar baytar nəzarəti gücləndirilir və quşlarla insanın təması məhdudlaşdırılır”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
16:40 / 19.03.2024
İndi də “Tutuquşu” virusu YAYILIR – Ölkəmizə gəlmək ehtimalı VARMI?
Hazırda oxunan: İndi də “Tutuquşu” virusu YAYILIR – Ölkəmizə gəlmək ehtimalı VARMI?
Hazırda oxunan: İndi də “Tutuquşu” virusu YAYILIR – Ölkəmizə gəlmək ehtimalı VARMI?
183328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.