“SARS-2 virusunda 1 nəfər birini yoluxdurursa, Britaniya ştammının əmsal bir neçə dəfə çoxdur. Ştammın sürətlə yayılması, Mərkəzi Avropada xeyli insanın yoluxması və Türkiyədə peyda olunması təbii ki, Azərbaycanda da onun mövcud olmasını mümkün edir. O ştamm bizdə artıq var. Çünki qloballaşan dünyada yaşayırıq”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla Britaniya variantının Azərbaycanda mövcudluğu və yoluxuculuq qabiliyyətindən danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycandakı vaksin Britaniya ştammına qarşı effektlidir? - RƏSMİ CAVAB
Onun sözlərinə görə ştammın özəlliyi onun həddindən artıq kantagioz, yəni yoluxucu olmasıdır:
“Hər halda bu, koronavirusun mutasiyaya uğramış formasıdır. Öldürücülük qabiliyyəti digər mutasiyon formalardan fərqlənmir. Amma yoluxuculuq qabiliyyəti çox yüksəkdir. Britaniya ştammı paralel olaraq həm də Cənubi Afrikada peyda olub. Bilinmir, buradan ora transfer edib, yaxud ikisi də eyni vaxtda mövcud olub.
Ümumiyyətlə, mutasiyaya uğramış ştammlar çoxdur və koronavirus SARS-2 virusunun xeyli ştammı var. Bunlardan biri də Britaniya ştammıdır”.
Həkimin sözlərinə görə Azərbaycanda virusun ikinci dalğası gərgin keçdi:
“Xəstəxanalarda yer, apteklərdə dərman çatışmazlığı, ajiotajı hər kəs xatırlayır. Bu taleni yenidən yaşamamaq üçün müəyyən önləyici tədbirlər görülməlidir. İnsanlar da vətəndaş məsuliyyəti nümayiş etdirməlidirlər.
Qapalı mühitdə, bir-birinə sıx olan avtobus dayanacaqlarında, ictimai nəqliyyatda, iaşə müəssislərində, kafe və restoranlarda məsafənin qorunmasına mütləq əməl edilməlidir”.
Qeyd edək ki, Azərbaycanda kronavirusun "Britaniya ştammı" aşkarlanıb. bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Alçina Amilqızı, Bizim.Media