"Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC "Diriliş Ərtoğrul” serialının Azərbaycan
dilinə tərcümə olunması xidmətinin satın alınması ilə bağlı müqavilə bağlayıb.
Kotirovka sorğusu əsasında imzalanan müqavilənin məbləği 134 225 manatdır.
Bu baxımdan türk film və verilişlərinin
dilimizə tərcüməsi məsələsi yenidən gündəmə
gəlib. Maraqlıdır, qardaş Türkiyənin serial-fimlərinin dublajına ehtiyac varmı?
Media eksperti Qulu Məhərrəmli Sfera.az-a
deyib ki, "Azərbaycan
Respublikasında dövlət dili haqqında" qanunla, efirdə olan materiallar əsasən
ana dilində verilməli, başqa dillərdə olan materiallar isə tərcümə edilməli,
dublaj olunmalıdır:

"Amma türk dili ilə bağlı məsələ bir az
spesifikdir. Çünki türk dili də, Azərbaycan dili də Oğuz dil qrupuna aiddir,
rahat anlaşılır. Ona görə də bunun dublajı bir çox hallarda əks effekt verir.
Vaxtilə Kemal Sunalın filmlərini dublaj edəndə məlum oldu ki, çox ciddi problemlər var və o koloriti,
keyfiyyəti saxlamaq olmur. Bunun ən yaxşı variantı dublajı bir kənara qoyub filmin
altyazılarla təqdim olunmasıdır. O zaman həm qanuna əməl edirik, tamaşaçının zövqünü oxşayırıq, dilimizə hörmət
edirik, həm də türk dili havasının ekranlara gəlməsinə şərait yaradırıq”.
Q.Məhərrəmli düşünür ki, əvvəlki təcrübə ilə
müqayisədə indi daha peşəkar dublaj ustaları var: "Vaxtilə biz təkcə ANS və AzTV-də
yaxşı nümunələr görürdük. Amma son illər İctimai televiziyada, o cümlədən digərlərində
kifayət qədər yaxşı dublaj nümunələrinin şahidi oluruq. Nöqsanların xeyli hissəsi
aradan qaldırılıb, bunu müəyyən qədər qənaətbəxş hesab etmək olar”.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri
Arif Əliyev isə saytımıza açıqlamasında bildirib ki, türk dilində olan
serialların tərcüməsinə ehtiyac yoxdur:

"Çünki əhalinin böyük hissəsi bunu başa düşür.
Açığı, konkret bu halın hansı ehtiyacdan doğduğunu söyləməyə çətinlik çəkirəm.
Bəzi hallarda mənə elə gəlir ki, bunun əsası var. Burada başlıca meyar ondan
ibarət olmalıdır ki, əgər yerli əhali həmin proqramı dərk edə, anlaya bilirsə,
dublaja ehtiyac yoxdur. Bəzi hallar olur ki, müəyyən anlaşılmazlıqlar yaranır,
orada da fikrimcə, subtitrlardan istifadə etmək kifayət edər. Hər halda məhsulunu
özünə baxmaq lazımdır”.
Müsahibimiz deyib ki, Azərbaycanda dublaj sahəsində
çox ciddi problemlər var: "İstər rus, istərsə də digər xarici dillər olsun,
onların tərcüməsində, nəinki, emosionallıq, hətta bəzən məna itir, yaxud yanlış
məna verir. Bu məsələ dəfələrlə
qaldırılıb, amma o sahədə inkişaf üçün hələ ciddi heç bir addım atılmır”.

Günay Rəsulqızı
Sfera.az