Xəstələr NÖVBƏYƏ durmalıdır - İcbari tibbi sığortanın ilkin mərhələsindəki PROBLEMLƏR 

Xəstələr NÖVBƏYƏ durmalıdır - İcbari tibbi sığortanın ilkin mərhələsindəki PROBLEMLƏR 

Hazırda oxunan: Xəstələr NÖVBƏYƏ durmalıdır - İcbari tibbi sığortanın ilkin mərhələsindəki PROBLEMLƏR 

124858

Müalicəsini icbari tibbi sığorta ilə etdirmək istəyən xəstələr xəstəxanalara vaxtında, xəstəlikləri təcili hal almazdan əvvəl müraciət etsələr, daha yaxşı olar.

Bunu Bizim.Media-ya açıqlamasında professor Adil Qeybulla deyib. 

Özəl xəstəxanalarda daha çox ödənişlə gələn xəstələrə üstünlük verilməsi ilə bağlı məsələyə münasibət bildirən professor etiraf edir ki, özəl xəstəxanalarda ödənişli xəstə ilk növbədə qəbul olunur: 

“Ödənişli xəstənin ilk növbədə müalicə olunması həm xəstəxananın marağındadır, həm də ödəniş edən xəstənin üstünlüyü var. O ki qaldı icbari tibbi sığorta paketi ilə müraciət edənlərə, onlar dövlət xəstəxanasında növbəli şəkildə müalicə almalıdırlar. Təbii ki, təcili vəziyyət varsa, özəl xəstəxanalar da bunu nəzərə almalıdır. Əgər xəstədə hər hansı bir təcili vəziyyət (koronar hal) yaranarsa, o halda onun status dəyişilir və növbədənkənar təcili xəstə kimi qəbul olunur.
Amma digər xəstələr dövlət xəstəxanasında növbədə durmalıdırlar. Dünyanın hər yerində belədir. Xəstələr növbəlilik əsasında müalicə olunurlar və onların müalicəsi ilə özəl xəstəxanaların müalicə keyfiyyətində heç bir fərq yoxdur”. 

Adil Qeybulla onu da əlavə edib ki, koronar xəstələrin dünyasını dəyişməsi çox zaman özlərinin diqqətsizliyindən yaranır: 

“Cidi ürək problemləri olan xəstələr bu problemlə gəzir, ağrıların keçəcəyini düşünürlər və s.”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə icbari tibbi sığortanın vətəndaşlar üçün yaratdığı bir sıra ciddi problemlərdən danışıb: 

“İcbari tibbi sığorta məsələləri bərbad vəziyyətdədir. Ömür boyu işləmişəm və büdcəyə vəsait ödəmişəm. 76 yaşım var və indi də çalışıram. Hələ bir dəfə də olsun tibbi sığortanın imkanlarından istifadə edə bilməmişəm. İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi ilə görüşmüşəm. Yaşlı bir insan kimi, ildə iki dəfə müayinədən keçməliyəm. İllərdir tanıdığım həkim, inandığım klinika var ki, mən ora gedə bilmirəm. Mənə deyirlər ki, sən ailə həkiminin göndərdiyi yerə getməlisən. Mən bir insan kimi təsadüf yerlərə deyil, inandığım həkimlərə getmək istəyirəm”. 

Müsahibimiz bildirib ki, bu problemlə üzləşən təkcə özü deyil: 

“Mənim bütün təqaüdçü həmkarlarım bu vəziyyətdədir. Nədənsə Agentlik özəl tibbi klinikaların hamısını icbari tibbi sığortaya cəlb etmir. Mükəmməl aparatları olan, insanların daha yaxşı tibbi xidmət alması üçün imkanı olan yerlər icbari tibbi sığortadan kənarda qalıb. İnsanlar keyfiyyətsiz tibbi xidmətdən istifadəyə məcbur edilir. AİB-ə gələn həkim şikayətləri icbari tibbi sığortadan verilən həkim maaşlarının da həddindən artıq az olduğunu ortaya qoyur. Agentlik yaxşı xidmət verən özəl klinikaların hamısını bu layihəyə cəlb etməlidir ki, insanlar yararlana bilsin”.

İcbari tibbi sığorta ilə müraciət edənlərin növbə məsələsinə toxunan AİB sədri, bu vəziyyətin bütün dünyada olmasına baxmayaraq, Azərbaycanda həlli yollarından danışıb: 

“Bəli, ən inkişaf etmiş ölkələrdə də sığorta ilə həkim növbəsinə durmaq problem var. Lakin bizdə olan klinikalar bu işə cəlb olunarsa, əhalimiz az olduğu üçün vəziyyət daha yaxşı olar. Ümumiyyətlə, icbari tibbi sığorta sahəsində olan qarışıqlıq istehlakçıların hüquqlarının pozulmasıdır. İcbari tibbi sığortanın primitiv, yanlış işinin nəticəsidir. İnsanların seçim haqqının məhdudlaşdırılmasıdır. Nə üçün xəstələri analiz və müayinə üçün istədikləri yerə göndərirlər?

Bir çox klinikalarda tibbi cihazlar kalibrasiyadan keçirilmir, ekspertiza düzgün aparılmır. Reaktivlər köhnəlib. Harda bu cür köhnə avadanlıqlar varsa, insanları ora göndərirlər. Ona görə də insanlar dəyərli nəyi varsa, satır və sığortadan kənar olan yerlərdə müalicə olunurlar. Vətəndaş kimi icbari tibbi sığortanın imkanlarından istifadə edə bilsəydim, sevinərdim. Amma təəssüf ki, buna əlçatanlıq yox dərəcəsindədir”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO