İcbari Tibbi Sığorta insanlara rahatçılıq yox, problemlər gətirdi. Bu gün əhalinin çox hissəsi üçün icbari tibbi sığorta əlçatan deyil. Bunun ən ciddi səbəbi bürokratik əngəllərdir, amma başqa səbəbləri də var.
Maraqlıdır ki, icbari tibbi sığortanın tətbiqindən ən çox əziyyət çəkən dövlət tibb müəssisələrində çalışan personaldır. Əldə etdiyimiz məlumatlara görə icbari tibbi sığorta paketində bir həkim üçün bir müayinə üçün 60 qəpik bonus nəzərdə tutulub. Ən pisi də odur ki, əgər həkim hansısa xəstədə icbari tibbi sığorta paketinə daxil olmayan xəstəlik aşkar edərsə, yaxud xəstənin sağlam olması aşkar olunarsa, onda həkim 15 manat cərimə verməli olur.
Artıq insanlar arasında nostalji duyğular baş qaldırır. Çoxları narazılıqla deyir ki, heyf deyildi əvvəlki illər:
“Gedib pulumuzu verib müalicə olunurduq. Amma indi həm pulumuz gedir, həm canımız”
Məsələ ilə bağlı tanınmış həkim Aydın Əliyevin fikirlərini öyrəndik.
Bizim.Media ilə söhbətində o icbari tibbi sığorta sahəsində çox ciddi problemlərin olduğunu söylədi:
“Bir sıra xəstəliklər var ki, onların müayinə və müalicəsi ümumiyyətlə icbari tibbi sığorta paketinə daxil edilməyib.Halbuki, bütün xəstəliklər sığorta paketinə daxil edilməlidir. İnsan kefindən xəstələnmir. Və tutulduğu xəstəliyi də insan öz istəyi ilə seçmir. Əgər biz keyfiyyətli tibbi xidmətdən danışırıqsa onda bütün xəstəliklər icbari tibbi sığorta paketinə daxil edilməlidir.Ağır və imkansız xəstələr dəfələrlə mənə də müraciət ediblər. Biz də TƏBİB-ə demişik. Onlarda rahatçılıqla xəstəyə yardım etməkdən imtina ediblər ki, bu xəstəlik paketə daxil deyil. Bir faktı deyim. Dünyada və Azərbaycanda ən geniş yayılmış xəstəliklərdən biri onkoloji xəstəliklərdir. Təəssüflər olsun ki, onkoloji xəstəliklər icbari tibbi sığorta paketinə daxil deyil. Bu faciəvi və izahı mümkün olmayan bir haldır”.
Aydın Əliyev qeyd etdi ki, təəssüf və təəcüb doğuran məqamlardan biri də həkimlərə müayinə və müalicə üçün icbari tibbi sığortadan düşən qəpik-quruşdur:
“Bu azmış kimi həmin qəpik-quruş da aylarla gecikdirilir, verilmir. Hətta 6-8 ay zəhmət haqqını almayan həkimlər var. Ən yaxşı halda həkimlərin bonusu 3 ay müddətinə verilir. Həkimlərdə çox ciddi narazılq və narahatçılıq var. Mən çoxlu sayda həkim tanıyıram ki, bu və digər səbəblər üzündən TƏBİB-in xəstəxanalarından işdən çıxıblar. Həkimlə xəstəni qoyublar üz-üzə. Əhalini yönəldirlər icbari tibbi sığortaya. Amma xidmət bədnam gündədir. Ciddi həkim çatışmazlığı var. O gün bir xəstə mənə deyir ki, rayondan gəlmişəm. Göndərişlə getmişdim dövlət xəstəxanasına. Növbədə 71-ci adam idim. Baxdım ki, bu gün mənə növbə çatmayacaq. Ona görə bura gəldim. Çox təəssüf ki, icbari tibbi sığortadan gözlədiklərimiz olmadı”.
Bütün bunlar isə məcburi rüşvət mexanizminə yol açır. Həkimlər yenə xəstələrin əlinə göz dikir. Özəl xəstəxanalarda müxtəlif predmet adı ilə pasiyentdən aldadıb pul alırlar və izah edirlər ki, istifadə olunan bu nəsnə sığorta paketində yoxdur.
İcbari Tibbi Sığortadan göndəriş almaq üçün yerlərdə həkimlər xəstədən tətbiq olunan paketə uyğun rüşvət tələb edirlər. Çünki orada oturan İcbari Tibbi Sığorta əməkdaşı həkim rəyinə əsaslanıb təsdiq verir. Bu cür hallar sayılmaqla qurtarmaz.
Əcaib bir vəziyyət alınıb. Həm büdcədən pul ayrılır, həm də vətəndaş əziyyət çəkir. Nə etməli?
Bu istiqamətdə araşdırmamız konkret faktlarla davam edəcək.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
17:15 / 03.02.2023
İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?
Hazırda oxunan: İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?
Hazırda oxunan: İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?
118304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.