Mənə bir yalan danış

Mənə bir yalan danış

Hazırda oxunan: Mənə bir yalan danış

49254

Moderator.az vaxtaşırı gənc yazar və şairlərin yaradıcılığı ilə oxucuları tanış etməkdədir. Bu gün sizin hüzurunuza Xəlil Adıgözəlin adı kimi gözəl şeirləriylə gəldik. Buyurun, tanış olun.

Adıgözəl Xəlil Fərhad oğlu: 1985-ci il noyabr ayının 6-da Bakı şəhərində anadan olub.

İbtidai təhsilini Sabunçu rayonu 22 saylı orta məktəbdə alıb.

2003 cü ildə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı )fakultəsinə qəbul olub və 2007 ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Tələbəlik vaxtlarından ədəbi yaradıcılıqla məşğul olmağa başlayıb.

 

  Gözüm üstə

Çox gördülər mənə məni,

Qınadılar özüm üstə.

Yenə sinəm sözlə dolub,

Kağız verin,yazım üstə.

 

Saymamışam günü,ayı,

Allah verən qismət payı,

 Qoymamışam ömür boyu,

Çörəyimi dizim üstə.

 

Neçə arzu istilənib,

Bir ürəkdə dəstələnib,

 Neçə ocaq tüstülənib,

Qalanacaq közüm üstə.

 

 Doğma olub yad daşlara,

 Qoyulacam ad daşlara,

Yük olacam yaddaşlara,

 Ot bitəcək izim üstə.

 

 Dünya,mənim bir donum var,

Yaşanacaq bir anım var,

Veriləcək bir canım var,

O da mənim gözüm üstə.

 

 

Kölgə

 

 Qarışıb səsinə addımlarının,

 İzlədim küçəniz boyunca səni.

Əllərim yetmədi,qoy heç olmasa,

Kölgəm qucaqlasın doyunca səni.

 

O görüş səninlə son görüş idi

Ayrıldım səninlə,səndən xəbərsiz.

Sən rahat yoluna davam edirdin

Dumandan xəbərsiz,çəndən xəbərsiz.

 

Bilirdim,səslənən hər tıqqıltıda,

Ayrılıq nəğməsi oxunur mənə.

 Üzümə həfifcə meh toxunanda,

Sanırdım nəfəsin toxunur mənə.

 

Qurumuş ağacdan yarpaq yerinə,

Həsrət tökülürdü budaqlarından.

Mən isə kölgənə təmas edərək,

Öpürdüm ehmalca dodaqlarından.

 

Küçənin sükutun pozan yerişin

Çəkirdi günahsız dara kölgəmi.

Sanki həzz alırdın,xoşun gəlirdi,

Ayağın əzəndə qara kölgəmi.

 

Ritminə düşmüşdü qəlbimin səsi,

Heç də seçilmirdi ayaq səsindən.

Bütün vücudunu gəzən gözlərim

Az qala çıxırdı hədəqəsindən.

 

Küçəniz boyunca sürünən kölgəm,

Son dəfə səninlə birə-bir idi.

Küçənin sonunda gözdən itməyin,

Mənimçün ölümə bərabər idi.

 

 Qarışıb səsinə addımlarının

 İzlədim küçəniz boyunca səni.

Əllərim yetmədi,qoy heç olmasa,

 Kölgəm qucaqlasın doyunca səni.

 

 

Mənə bir yalan danış

 

 

 Mənə bir yalan danış,

 Inan ki,inanacam.

 Yenə de ki,sevirsən

Yenə də aldanacam.

 

 Mənə bir yalan danış,

Bir yudumluq içimə de.

Bir damcı da utanma,

Gözümün içinə de.

 

Mənə bir yalan danış,

Rəngi "ağappağ"olsun.

 Yeddi qatımdan keçib,

 Dərdimə ortaq olsun.

 

Mənə bir yalan danış,

Ayaq tutub yerisin.

Qəlbimdəki buz dağı,

Az da olsa ərisin...

 

 Mənə bir yalan danış,

Min dənə düzə dəysin.

 Bir ömürlük "susmağa"

Söhbətə,sözə dəysin.

 

Mənə bir yalan danış,

Alım onu qoynuma.

Savabı sənin olsun,

Günah mənim boynuma.

 

 Mənə bir yalan danış,

 Inan ki,inanacam.

Yenə de ki,sevirsən,

 Yenə də aldanacam...

 

 

 

İnsan oğlu

 

İnsan oğlu,xoş gəlmisən!

Buyur qardaş,çıx başıma.

Yox,narahat olma qəti,

Çox gəlibdir,çox başıma.

 

Mənim əlim çatmır ora,

Sən çıxmışkən axtar-ara,

Göyə çatan arzulara,

Əl yetirib yıx başıma.

 

Yarımadım bəxt sarıdan,

Nə isməti,nə arı dan,

Nə versələr "yuxarıdan",

Var gücünlə çax başıma.

 

Arzuları əz gözümdə,

Ümidləri üz gözümdə,

Öldür məni öz gözümdə,

Gülə-gülə sıx başıma...

 

 

Demişdim

 

Demişdim yolumdan saxlama məni,

Burax əllərimi,qoy çıxım-gedim.

Mənim dərdim mənə yetər,əzizim,

Dişimi dişimə qoy sıxım gedim.

 

Demişdim,oynaya bilməyəcəksən

Qəlbimin çaldığı qəm havasını.

İmtina edəcək ciyərlərin də,

Udmağa hicranın kəm havasını.

 

Demişdim,əlləri boş qayıdıram,

 Elə başındaca itdiyin yolu.

Mən artıq gözümdə yaş qayıdıram,

Sənin iməkləyib getdiyin yolu.

 

Demişdim,düşməyək sevda düzünə,

Sən isti baharsan,mən soyuq qışam.

 Ya sən sevənlər tək sevə bilmədin,

Ya mən sevilməyə yadırğamışam.

 

Demişdim,yolumdan saxlama məni,

Burax əllərimi,qoy çıxım-gedim.

Mənim dərdim mənə yetər,əzizim,

Dişimi dişimə qoy sıxım gedim.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO