Tanınmış şair Şəhriyar del Geraninin görkəmli yazıçımız Cəlil Məmmədquluzadə haqqında yazdığı Facebook statusu geniş müzakirəyə səbəb olbub.
Şəhriyar del Gerani yazıb ki, Azərbaycan ədəbiyyatı tarixində Cəlil Məmmədquluzadəni ən bəxti gətirmiş yazıçı sayır: "Düzü, Cəlil Məmmədquluzadəni Azərbaycan ədəbiyyatı tarixində qalmış təsadüfi bir neçə müəllif arasında ən şanslısı, ən bəxtigətirmişi hesab edirəm.
Xeyli zamandır saytların, qəzetlərin "sorğu"larında iştirakdan imtina etmişəm. Var olsun jurnalist yoldaşlar, sayğıyla yanaşırlar. Sözüm onda ki, necə sorğulardan imtina etmişəm, eləcə də yerli saytları (xəbərlər xaric) oxumaqdan vaz keçmişəm. "Kulis"in keçirdiyi hekayə sorğusu isə mənə zövqlər baxımından maraqlı gəldi. Açıb oxudum. Və gördüm ki, ədəbi zövqünə xeyli güvəndiyim 3-5 şair-yazıçı da ol primitiv "Poçt qutusu"nu ən yaxşı hekayələrdən biri, hətta birincisi hesab ediblər.
Gəlin hekayənin mesajına baxaq: Novruzəli adlı bir kəndli poçtla məktub göndərə bilmir. Erməni uşaq da bunu bacarır, rus qarı da bacarır, di gəl bizim Novruzəli məllim bacarmır. Hə, noosun? Bədii-estetik cəhətdən kifayət qədər banal, təhkiyəsi özünü publisistikaya tutdurmuş istedadsız yerli çağdaş köşə yazarlarından da zəif, ötürdüyü mesaj isə hamıya məlum bir hekayəni yazmaq üçün onca uzunçuluğa nə hacət? 90-larda "bir rus olur, bir erməni, bir də azərbaycanlı" girişiylə yüzlərlə anekdot vardı. Hamısında da azərbaycanlı gülünc, besavad, bayağı, tüşüy kimi qələmə verilirdi. Bu hekayənin həmin anekdotlardan fərqi nədir? Ən yaxşı hekayə dediyiniz bu əhvalati həmin anekdotların "gülünüb qurtarmış" formalarından biridir. Tam ciddi sözümdür.
Cəlil Məmmədquluzadə dönəmində dünyada nələr yazılıb, necə yazılıb, kimlər olub, ötəri nəzər salanda adamı gülmək tutur".
Moderator.az bu statusla bağlı "Kulis"in rəhbəri, yazıçı Qan Turalının və yazıçı Nərmin Kamalın mövqeyini öyrənib.
Qan Turalı: "Söz tapa bilmirəm, vallah, bu nadanlığın qarşısında söz tapa bilmirəm".
Nərmin Kamal: "Belə konflikt çox yaxşıdır, əladır. Rafiq Tağı da Cəlil Məmmədquluzadəni Şəhriyarın göstərdiyi iki səbəbdən biri yönündən (millətimizə aşağılıq kompleksi verib filan) tənqid edirdi.
Şəhriyarın "eyni dövrdə dünyada nələr yazılıb" mövqeyindən mən bir dəfə amerikalı qadın şairlərlə azərbaycanlı qadın şairləri üz-üzə qoymuşdum. Tarixlər üzrə... Məsələn, 1850-ci illərdə amerikalı şairlərin şeirlərindən sitatlar, azərbaycanlı şairələrin şeirlərindən sitatlar. Ancaq mənə sonralar Azərbaycan ədəbiyyatına münasibətdə güzəştli mövqe tutdum. Təkcə yazıçıları yox, şəraiti, millətin o zamankı səviyyəsini və sairəni nəzərə almağa başladım artıq. Ancaq Şəhriyarı alqışlayıram, çox sevindim ki, o belə müzakirə açıb".




























































































