Bunu Moderator.az-a açıqlamasında yazıçı Nərmin Kamal bildirib.
Nərmin Kamal ədəbiyyat üzrə bu ilin Nobel mükafatçısı Svetlana Aleksieviçin bu mükafata layiq olmaması ilə bağlı fikirlərlə razılaşmır: "Biri deyir, Svetlananın yazdıqları yazıçı yazısı deyil, jurnalist yazısıdır, ona Ədəbiyyat üzrə Nobel vermək olmazdı. Çörçil də Ədəbiyyat üzrə Nobel mükafatı almışdı. Amma publisist idi, bədii yox, jurnalist əsərləri yazmışdı! Bertran Rassel də həmçinin publisistik janrda yazdığı kitablarına görə Ədəbiyyat üzrə Nobel almışdı.Mənim fikrimcə, Svetlana yaradıcıdan çox toplayıcıdır, amma onun topladığı materiallar bizim yaradıcıların yazdıqlarından daha faydalıdır insanlıq üçün".
Yazıçı deyib ki, Bakıda çox aşağı səviyyəli söhbətlər gedir: "Qadın yazıçı, kişi yazıçı söhbətləri edirlər Bakıda. Əgər Svetlana Aleksieviçdən narazıdırlarsa, bir neçə il qabaq Nobel almış başqa bir qadını - Doris Lessinqi oxusunlar.Bunlara laborotoriya üçün nümunə götürmək gərəkdir - saytlarda Svetlananın bir kitabından bir hekayə oxudular, yetər, haydı indi danışmaq vaxtıdır, boş-boş danışsınlar".
Xatırladaq ki, belaruslu Svetlana Aleksieviçin Nobel mükafatı alması Azərbaycan yazıçıları tərəfindən birmənlı qarşılanmayıb. Yazıçı Etimad Başkeçid isə bildirib ki, o, nəinki Nobel mükafatına, heç "Qızıl qələm"ə da layiq deyil.



























































































