Məlum olduğu kimi, Rusiya-Ukrayna münaqişəsinin son həftələrdəki seyri vəziyyətin bütün dünyanı narahat edəcək hala gəlməsinə səbəb olub. Xüsusilə də, Kreml rəsmilərinin Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə, nüvə silahından da istifadə etmələrinin mümkünlüyünü elan etmələri narahatlığı daha da artırıb.
Bundan əlavə, rus ordusunun nəzarətində olan Ukrayna ərazilərində Rusiyaya birləşmək üçün keçirilən referndumlardan da “bəli” cavabı çıxdı.
Bu isə Kremlin təsdiqindən sonra həmin bölgələrin də Rusiya torpaqları kimi qəbul olunacağı deməkdir. Yəni, Ukrayna öz torpaqlarını işğaldan azad etmək üçün həmin ərazilərdə əməliyyatlara başlasa bu, Moskva tərəfindən Rusiya ərazilərinə müdaxilə kimi qəbul edilə bilər ki, nəticə taktiki nüvə silahından istifadə ola bilər.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada nüvə silahından qorunma TƏLİMLƏRİ - “Bütün Avropanı dəhşət gözləyir”
Bəs, taktiki nüvə silahı nədir?
Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur.
Taktiki nüvə silahlarının gücü 1 kilotondan 100 kilotonadək ola bilir. Müqayisə üçün qeyd edək ki, 1945-ci ildə Xirosimaya atılan atom bombasının gücü 15 kilotona bərabər olub.
Bu tip silahların strateji nüvə silahından (SNS) fərqi də sırf təsir gücünün daha zəif olmasından irəli gəlir. SNS-lərin gücü 1000 kilotona qədər olur ki, bunlar minlərlə kilometr məsafədə, böyük əraziləri məhv etmək üçün istifadə olunur.
Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər. TNS üçün təyyarə və ya gəmilərdən də istifadə edilə bilər. Belə döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır.
Xarici mənbələrin məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var.
Taktiki nüvə silahının istifadə olunacağı yerlərlə bağlı isə müxtəlif iddialar ortaya atılıb. Belə ki, iki əsas ehtimal üzərində daha çox müzakirələr gedir. Bunlardan birincisi, Qara dənizdə yerləşən İlan adası, ikincisi isə Lvov yaxınlığında yerləşən hərbi bazadır.
Lakin Rusiyanın bu təhdidlərinə qarşı dünya miqyasında hazrılıqlar da görülür. Artıq ABŞ da daxil olmaqla bir sıra ölkələrin səfirlikləri vətəndaşlarını Rusiyanı tərk etməyə çağırırlar. Avropa ölkələrində isə kütləvi olaraq yod həblərinin alınmasına başlanıb.
Fransa daxil olmaqla bir sıra ölkələr isə bu həblərdən Ukraynaya göndərirlər.
Digər tərəfdən, ABŞ və Böyük Britaniya rəsmiləri Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə, cavab tədbirləri görəcəklərini açıqlayıblar. Belə ki, onlar sözügedən ssenari baş verərsə, Rusiyanın Qara dəniz donanmasını məhv edəcəklərini bildiriblər.
Eyni zamanda bir neçə gün öncə Amerika qitələrarası ballistik raketlərin, o cümlədən nüvə raketlərinin uçuşlarını izləyən unikal "RC-135S Cobra Ball" kəşfiyyat təyyarələrini səmaya qaldırıb. Bu təyyarələrdən nüvə silahlarına nəzarət üçün istifadə olunur.
Göründüyü kimi, dünya Karib böhranından 60 il sonra yenidən nüvə müharibəsinin astanasına qədər gəlib. Bu dəfə nəticənin Kubadakı, yaxud Xirosimadakı kimi olacağı isə heç kimə agah deyil. Hər şey Kremldən çıxacaq qərara bağlıdır. Qərbin nüvə hücumuna oxşar cavabı verəcəyi də bəlli deyil. Bir sözlə, nəticənin nə olacağını zaman göstərəcək.
Murad Əhmədov, Bizim.Media