Mariupolu rus qoşunlarından müdafiə edən sərhədçi Pavel Pikovets əsirlikdə olmasından danışıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri iyulun 2-də Ukrayna Dövlət Sərhəd Xidməti (DSX) yayıb.
DSX xatırladıb ki, iyunun 29-da mübadilə zamanı əsirlikdən xilas edilən ukraynalı hərbçilər arasında Mariupolu müdafiə edən 17 sərhədçi də olub. Hazırda ağır xəsarət alan döyüşçülər həkimlərin nəzarəti altındadır.
“Onlardan bəziləri artıq qohumlarını qucaqlaya bilib”, - Dövlət Sərhəd Xidmətindən bildirilib.
Videoya görə Pikovets indi xəstəxanadadır, həyat yoldaşı ilə görüşüb.
Sərhədçi bildirib ki, o, yaralanıb və aprelin 15-də “Azovstal” zavodunun sığınacağından xəstəxanaya gətirilib. Həkimlər onun yaralarından qəlpələri çıxarıb və üzərinə sarğı vurublar. Mayın 17-də əsirlikdən azad olunana qədər orada olub.
"Hər şeyi unutmaq istəyirəm, yuxu kimi... Deməyəcəyəm ki, orada işgəncələrimiz olub. Onlar bizə, “Azovstal”lılara, bir növ başqa cür rəftar edirdilər. Ya bizə hörmət edirdilər, ya da qorxurdular, bilmirəm.Amma onlar bizə döyüşçü kimi baxırdılar”, - deyə sərhədçi bildirib.
O, qeyd edib ki, əsirlikdə olanda heç ümidini itirməyib.
"Həmişə ümid var idi. Bilirdim ki, qayıdacağam, həyat yoldaşım üçün, qızım üçün. Onlar məni gözləyirdilər və mən qayıtmalıydım", - Pikovets deyib.
Bizim.Media