Ukraynanın Donetsk və Luqansk vilayətlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) əməkdaşları saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilib. Həbsin təfərrüatları açıqlanmır.
“ATƏT Donetsk və Luqanskda ATƏT-in Milli Missiyasının üzvlərinin saxlanılmasından son dərəcə narahatdır. Təşkilat onların azad edilməsini asanlaşdırmaq üçün bütün mövcud kanallardan istifadə edir”, - təşkilatın bəyanatında deyilir.
The OSCE is extremely concerned that a number of @OSCE_SMM national mission members have been deprived of their liberty in Donetsk and Luhansk and is using all available channels to facilitate their release.
— OSCE (@OSCE) April 23, 2022
Aprelin 22-də Böyük Britaniyanın ATƏT-dəki səfirinin müavini Deydre Braun Xüsusi Monitorinq Missiyasının (XMM) Ukraynada səlahiyyətinin uzadılmasından imtina etdiyinə görə Rusiyanı tənqid edib.
"İndi də biz narahatedici xəbərlər almışıq ki, Donbasdakı ruslar missiyanın şəxsi heyətini, avadanlıqlarını və obyektlərini təhdid edir və XMM personalını əsir götürürlər". Reuters Braunun dediklərindən sitat gətirib.
Meduza xatırladır ki, Rusiya martın sonunda ATƏT-in Ukraynadakı missiyasının uzadılmasına mane olmuş, aprelin 1-də isə 2014-cü ildən Donbasdakı münaqişə zonasında apardığı işini dayandırmışdı.
Bundan sonra “DXR” və “LXR” ATƏT missiyasının işini qadağan edib və təşkilatın əməkdaşlarından aprelin sonunadək özünü elan etmiş respublikaların ərazisini tərk etməyi tələb ediblər. “LXR”, həmçinin ATƏT missiyasının iki əməkdaşını dövlətə xəyanətdə şübhəli bilərək saxladıqlarını bildirib.
Bizim.Media