Yeseninin izah olunmayan 7 hərəkəti və ölümü

Yeseninin izah olunmayan 7 hərəkəti və ölümü

Hazırda oxunan: Yeseninin izah olunmayan 7 hərəkəti və ölümü

6584

Şairin sirli ölümündən dekabrın 28-də 95 il ötür.

Bizim.Media xəbər verir ki, bu gün Rusiyanın ən istedadlı şairlərindən biri, həm də 20-ci illərin ən tanınmış "xuliqan"larından olan Yeseninin ölümündən 95 il ötür.

O, 1925-ci il dekabrın 28-də Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Bu dəfəki yazıda Sergey Yesenin həyatının 7 anlaşılmaz məqamından bəhs edəcəyik.


Rus şair bir neçə dəfə ailə həyatı qurub. Onunla evlilik yaşamış qadınlardan biri də Zinaida Rayx - gözəlliyi ilə seçilən aktrisa olub. İki övladlarının olmasına rəğmən cütlüyün boşanma səbəbi kimi 2 ehtimal göstərilir.

Versiyaların birində şairin Zinaidanı hələ hamiləykən tərk edib, içkiyə qurşandığı, ikinci ehtimal kimi isə, aktrisanın Yesenindən qaçdığı deyilir. Yesenin heç uşaqlarının tərbiyəsi ilə məşğul olmur, bu işi onun yerinə Rayxın ikinci əri olan teatr rejissoru Meyerhold edirdi.


İkinci anlaşılmazlıq Yeseninin amerikalı rəqqasə Aysedora Dunkan ilə nikahıdır. Çünki Aysedora Yesenindən 18 yaş böyük idi. Aysedoranın rusca bilməməsi, Yeseninin içki və qalmaqallara qayıtması, amerikalı rəqqasəni döyməsi ailə həyatının heç 2 il davam etməməsinə səbəb oldu.

Üçünçü izah olunmayan şair davranışı Segeyin qalmaqallara meyilli olması idi. Bir şey ki, təkcə Moskvada olduğu müddət ərzində şairə qarşı 13 cinayət işi açılıb.

Yesenin hətta ABŞ-da özünün yaradıcılıq gecəsində yəhudilərə qarşı xoşagəlməz ifadələrdən istifadə etdiyinə görə problem yaşamışdı.


Digər başa düşülməyən davranış kimi Yeseninin bir dəfə teatr tamaşasının təqdimatını pozmaq cəhdi idi. Belə ki, içkili vəziyyətdə premyeraya qatılan şair pərdə arxasına keçir və qrim otağında aktrisalardan birinə zəli kimi yapışdığına görə, teatra milis çağırılır. Yesenin qaçmağa çalışsa da, hüquq-mühafizə əməkdaşları onu tutur və teatrdan bayıra atırlar.

Beşinci Yeseninin Mayakovski ilə mübahisəsidir. Belə ki, həmin illərdə bu iki şairin sevgisi Rusiyanı bürümüşdü. Yesenin deyirdi ki, "Rusiyanı Mayakovski kimiləri ilə bölüşmək istəmirəm". Vladimir isə Yesenini şeir bölgülərini düzgün bilməməkdə tənqid edirdi. Amma hər iki şair bir-birinin istedadını danmırdı.

Yeseninin sonuncu həyat yoldaşı Lev Tolstoyun nəvəsi Sofya olub. Elit ailə tərbiyəsi görmüş Sofya Yesenin üçün çox təkəbbürlü görünürdü.

Lev Tolstoyun nəvəsi də Sergeyin bəzi qəribə xüsusiyyətlərini həzm edə bilmirdi. Mübahisələr o həddə çatmışdı ki, Sofyanın təkidi ilə Yesenin Psixiatrik klinikaya yerləşdirildi. Şair bu durumla barışmasa da, alkoqolizmə görə onun psixoloji problemləri yaranmaqda idi. Tezliklə o, həmin dispanserdən qaçıb, hesabındakı bütün pulları çıxararaq ailəsini baxımsız qoyub, Sank-Peterburqa qaçdı. Cəmi bir neçə gün sonra şairi otel otağında asılmış vəziyyətdə tapdılar.


İndiyənədək onun intihar edib, etməməsi barədə mübahisələr davam edir. Rəsmi məlumata görə, Sergey Yesenin 1925-ci il dekabrın 25-də "Anqleter" mehmanxasında intihar edib. Bundan başqa meyitinin üzərində zorakılıq izləri aşkarlanmayıb.

Digər tərəfdən həyata vidasından bir az əvvəl şair özündə vidanı ehtiva edən "Görüşənədək, dostum, görüşənədək" şeirini yazıb.

Həm də bu şeiri yazanda Yesenin mürəkkəb yox, öz qanından istifadə edib. Bəzi ədib və tarixçilər isə şairin SSRİ xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü iddia edir. İsbat kimi Yeseninin meyitindəki bəzi izlər və ölümündən qabaq şairin otağına heç kimi buraxmamaq göstərişi önə çəkilir. Bu versiyanı irəli sürənlərin dediyinə görə, şair otağındakı qatillərin hədəsindən qorxaraq otelin xidmət bölməsinə onu narahat etməməyi xahiş edib.

Anar Rəhimov, Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO