Ukrayna nəhayət ki, sülh sazişinə razı salındı. Baxmayaraq ki, bu sülh sazişindəndən daha çox təslimçilik aktına bənzəyir.
Ən pis sülh, istənilən müharibədən yaxşıdır
Ukraynanın sülh sazişinə razılıq verməsi bütün hallarda uğurdur. Çünki 5 ilə yaxın davam edən müharibədə Ukrayna iqtisadiyyatı, infrastrukturu məhv edilib. Yüzminlərlə insan həyatını itirib, 10 milyondan artıq insan dədə-baba ocağından didərgin düşüb.
Ən pisi də odur ki, bu qədər fəlakətdən sonra Ukrayna üçün üfüqdə yaxşı heç nə görünmür.
Digər tərəfdən bir zamanlar Ukraynanı Rusiya ilə müharibəyə təhrik edənlər, bu gün bu dövləti biabırçı sülhə məcbur edir.
Zelenskinin sülh mesajı
"Fox News"a müsahibəsində prezident Volodimir Zelenski bildirib ki, Ukrayna müharibəni dayandırmaq istəyir:
“Hətta Rusiyanın təxminən 25% işğal olunmuş ərazini nəzarətdə saxlaması şərtinə də hazıram. Mən hesab edirəm ki, bu, müharibəyə son qoymağın real yoludur".
Yada salaq ki, Zelenski bütün təzyiqlərə baxmayaraq uzun müddətir biabırçı sülhə razılıq vermək istəmirdi. Bunun üçün də kifayət qədər dirəniş göstərdi.
Bu dirənişin müqabilində Qərb, xüsusilə ABŞ Zelenskini seçim qarşısında qoydu:
“Ya danışıqlara getməlisən, ya da yerinə başqa prezident razılaşmaya gedəcək”.
Bu ultimatumla paralel Qərb Ukraynada yeni prezident axtarışına başladı.
Trampın “sülhə məcburetmə” planı
ABŞ Prezidenti Donald Tramp sonuncu dəfə Zelenskini münaqişənin həlli ilə bağlı razılaşmaya getməyə çağırdı. O, Avropanın da Ukrayna münaqişəsindən yorulduğunu bildirdi.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton və Avropa Ukraynaya böyük dəstək göstərib, lakin bunun nəticəsi “kədər, ölüm və inanılmaz maliyyə itkiləri” olub.
Tramp Rusiyanın münaqişəni başa çatdırmaq istədiyinə əmin olduğunu bildirib və Ukrayna Prezidenti Volodimir Zelenskinin də eyni mövqedə olmalı, nizamlanma ilə bağlı razılaşma əldə etməyə çalışmalı olduğunu vurğulayıb.
“Əgər o, bunu etməsə, düşünürəm ki, onun vəziyyəti çox pis olacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp açıq şəkildə bildirib ki, Ukraynada münaqişənin başa çatması üçün Rusiya Prezidenti Vladimir Putinlə Zelenskinin görüşü mütləq deyil.
Bu fikirlərsə Zelenski üçün yaxşı heç nə vəd etmirdi.
Çünki Qərbin təzyiqi ilə Ukraynada prezident seçkiləri keçirilərsə, təbii ki, Zelenski oyundankənar saxlanılacaqdı. Onun yerinə daha “sözəbaxan” biri Prezident kreslosuna əyləşdiriləcəkdi. Yeni prezident həm sülh sazişinə imza atacaqdı, həm də Zelenskinin keçmiş fəaliyyətini təftiş edəcəkdi. Bu təftiş isə Zelenskini asanlıqla dəmir barmaqlılar arasına göndərə bilərdi.
Ona görə də Zelenski nəinki sülh sazişinin imzalanmasına razı oldu, hətta bu təklifi ayaq üstə alqışladı.
“Mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatları Prezidentinin irəli sürdüyü atəşkəs ideyası əla ideyadır", — deyə Zelenski vurğuladı.
Ağ Evin diqtəsi ilə Oslo danışıqları
Xatırladaq ki, oktyabrın 20-də Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna danışıqlar qrupu Osloda Donald Trampın xüsusi nümayəndələri ilə görüşüb. Və onlara Ağ Evin şərtlərini diqtə edilib.
Bunundan sonra amerikalı xüsusi nümayəndələr Rusiyaya yola düşüb, Putinlə görüşüblər.
Jurnalistlərlə ünsiyyət zamanı Stiv Uitkoff Oslodakı danışıqlarda irəliləyiş olduğunu bildirib:
“Putinlə Sankt-Peterburqda keçirilən danışıqlar da konstruktiv oldu”.
Ona görə də bu gün Zelenski ancaq Ağ Evdən gələn tapşırıqların icrası ilə məşğuldur. Belə olmasa idi o, Stiv Uitkoffun Rusiya səfərindən sonra bu danışıqları dəstəklədiyini bildirməzdi.
Üstəlik, Ukrayna lideri bir qədər də irəli gedərək bildirməzdi ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın əvvəlində keçirilə bilər”.
Zelenski qeyd edib ki, ABŞ görüşün mümkün qədər tez təşkil olunmasını təklif edir, Ukrayna da buna hazırdır:
“Əsas məqsəd müharibənin başa çatmasını yaxınlaşdırmaq və üç ölkə liderinin görüşünə zəmin hazırlamaqdır”.
Reallıq Rusiyanı da xeyli məmnun edib.
Təsadüfi deyil ki, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa və Amerika liderinin kürəkəni Cared Kuşnerə Ukrayna üzrə danışıqlar prosesindəki iştiraklarına görə minnətdarlığını bildirib:
"Təşəkkür edirəm, sülhməramlılar" yazaraq Uitkoff və Kuşnerin dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib.
Bu arada, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin Stiv Uitkoffla görüşündə noyabrın 10-dan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulması mövzusunda üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb.
Uşakovun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabi şəhərində keçirilə bilər.
Zelenski Ukrayna torpaqlarından imtina edəcək?
Göründüyü kimi, 5 ilə yaxın davam edən savaş sonda təkcə Ukraynanı deyil, Zelenskini də yarımcan hala salıb. Üstəlik, Zelenskinin açıqlamalarına əsasən, Kiyevin danışıqlar prosesində müəyyən əraziləri Rusiyaya güzəştə gedəcəyi gözlənilir:
“Ukrayna müharibəni dayandırmaq istəyir. Hətta Rusiyanın təxminən 25% işğal olunmuş ərazini nəzarətdə saxlaması şərtinə də hazıram”, - deyə Ukrayna lideri qeyd edib.
Bəs, Rusiya 25 faizlə qane olacaqmı?
Bu sualın cavabını isə zaman göstərəcək...
Surxay Atakişiyev, Bizim.Media



































































































