Adolf Hitlerə məxsus olduğu bildirilən, təxminən 42 milyon dollar dəyərində olan nadir tapanca hələ də tapılmayıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, 45 kalibrlik Luger tapançasının üzərində "Adolf Hitler" yazısı var.
Dünyanın ən qiymətli tapançalarından biri olduğu iddia edilən Luger Parabellum Argentinada illərdir davam edən hüquqi mübarizənin mərkəzindədir.
Silah 2016-cı ildə Buenos Ayresin kəndlərindən birində Xuan Pablo Ruppelin evinə polis basqınından sonra yoxa çıxıb. Ruppel iddia edir ki, tapança polis nəzarətinə alındıqdan sonra ona qaytarılmayıb.
Ruppel tərəfindən qaldırılan iddiada Buenos Ayres Təhlükəsizlik Nazirliyindən silahın dəyərini kompensasiya etməsi tələb olunur. Sözügedən Luger, məşhur silah dizayneri Georg Luger tərəfindən 1907-ci ildə istehsal edilən beş prototipdən biri kimi təsvir olunur.
Tapançanın Hitlerə məxsus olması iddiası Ruppelin ailəsindən nəsildən-nəslə ötürülən bir hekayəyə əsaslanır. Ruppel silahı böyük əmisi Hans Ruppeldən miras aldığını deyir. Hans Ruppelin İkinci Dünya Müharibəsi zamanı Hitlerin şəxsi mühafizə bölməsi olan SS Leibstandarte Diviziyasında xidmət etdiyi və 1945-ci ildə Argentinaya qaçdığı bildirilir.
Ruppel danışır ki, böyük əmisi ona Lugerin Hitlerə məxsus olduğunu və 1948-ci ildə o vaxtkı prezident Xuan Dominqo Peronun köməyi ilə Argentinaya gətirildiyini deyib.
Bu məlumatın müstəqil şəkildə təsdiqlənib-təsdiqlənməməsi ayrı bir müzakirə mövzusudur.
Basqına rəhbərlik edən iki polis məmurunun 2027-ci ilin mart ayında ağır oğurluq və dövlət məmuru kimi vəzifə borcunu pozmaq ittihamları ilə mühakimə olunacağı gözlənilir.

Bizim.Media


































































































