Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən münaqişənin diplomatik yolla həll edilməsi üçün çağırış edib.
Bizim.Media xəbər verir ki, Fransa lideri bu barədə “X” hesabında etdiyi paylaşımda bildirib.
Dövlət başçısı sosial şəbəkədəki paylaşımında bildirib ki, bölgədə davamlı və möhkəm sülhə nail olmaq üçün bütün səylər səfərbər edilməlidir:
“Əldə olunacaq razılaşma region ölkələrinin təhlükəsizlik və sabitlik şəraitində yaşamasını təmin edən güclü çərçivə yaratmalıdır. Bu məqsədlə əsas problemlər – İranın nüvə və ballistik proqramları, regiondakı destabilizasiyaedici fəaliyyəti, həmçinin Hörmüz boğazı vasitəsilə azad və maneəsiz gəmiçiliyin bərpası kimi məsələlər kompleks şəkildə həll edilməlidir”.
Fransa lideri ölkəsinin münaqişənin ilk günündən etibarən olduğu kimi, bundan sonra da sülh prosesinə töhfə verməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Makron yaxın günlərdə Fransa və Böyük Britaniya ilə birlikdə Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin bərpasına yönəlmiş beynəlxalq təşəbbüslə çıxış edəcəklərini açıqlayıb. Onun sözlərinə görə, bu məqsədlə müvafiq ölkələrin iştirakı ilə konfrans təşkil olunacaq”.
Fransa Prezidenti əlavə edib ki, planlaşdırılan çoxtərəfli missiya müdafiə xarakterli olacaq, münaqişə tərəflərindən kənarda fəaliyyət göstərəcək və şərait imkan verən kimi bölgədə yerləşdiriləcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ-İsrail və İran arasında müharibənin başlamasından sonra rəsmi Tehran gəmilərin Hörmüz boğazından keçidini məhdudlaşdırıb.
Bu dövr ərzində yalnız İranın icazə verdiyi gəmilərin boğazdan keçidi mümkün olub. ABŞ Prezidenti Donald Tramp isə bu gündən etibarən Hörmüz boğazının tamamilə blokadaya alınacağını elan edib.

Bizim.Media































































































