Yeni araşdırma göstərib ki, hətta Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar və onları olduqca maraqlı üsullarla düzəltməyi bacarıblar.
Bizim.Media xəbər verir ki, bu heyrətamiz tapıntı barədə məqalə Artnet jurnalında dərc olunub.
Təxminən 3300 il yaşı olan papirusda alimlər qədim “korrektor”a bənzər iz aşkarlayıblar. Bu, müasir ağ düzəliş qələmini və ya Wite-Out-u xatırladır. Üstəlik, söhbət təsadüfi detaldan yox, təsvir üzərində şüurlu şəkildə edilmiş düzəlişdən gedir.
Söhbət eramızdan əvvəl XIII əsrdə yüksək vəzifəli katib Ramzes üçün hazırlanmış “Ölülər kitabı”nın bir fraqmentindən gedir. Səhnələrin birində çaqqal təsvir olunub. Ehtimal edilir ki, bu, ruhları axirətə aparan tanrı Upuautdur. Lakin diqqətli təhlil göstərib ki, onun fiquru sonradan dəyişdirilib: bədənin yanlarına və arxa ayaqlarına qalın ağ xətlər çəkilib, bu da heyvanın siluetini vizual olaraq daha incə göstərib. Əslində rəssam sadəcə çaqqalın çox kök alındığını düşünüb və bunu düzəldib.
Müasir tədqiqat üsulları alimlərə bu qədim düzəliş qatının altına “baxmağa” imkan verib.
İnfraqırmızı çəkiliş və mikroskopiya vasitəsilə müəyyən olunub ki, ağ boya ilkin rəsmin üzərinə çəkilib. Onun tərkibi də məqsədli seçilib: kalsit və hantit qarışığına sarı piqmentlər əlavə olunub ki, düzəliş papirusun rəngi ilə daha yaxşı uyğunlaşsın. Çünki papirus qədim dövrdə indikindən daha açıq rəngdə olub.
Tədqiqatçıların sözlərinə görə, belə düzəlişlər başqa Misir papiruslarında da ola bilərdi, sadəcə əvvəllər onlara diqqət yetirilməyib.
Bu tapıntı göstərir ki, qədim ustalar da müasir rəssamlar qədər diqqətlə işləyirdilər: onlar təsvirlərini redaktə edir, ideal nəticəyə can atır və hətta müqəddəs mətnlərdə belə dəyişiklik etməkdən çəkinmirdilər.
Beləliklə, qarşımızda sadəcə maraqlı detal yox, qədim incəsənətdə insani bir anın nadir sübutu dayanır: minilliklər boyu ritualların və simvolların arxasından bizə çox tanış bir hiss görünür — “daha gözəl olsun deyə düzəltmək” istəyi.
Bizim.Media

































































































