İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran dronlarının ABŞ-ın qərb sahillərinə, xüsusən Kaliforniyaya çatması barədə iddialar əsassızdır. Onun sözlərinə görə, İran pilotsuz aparatlarının uçuş məsafəsi buna imkan vermir.
Bizim.Media xəbər verir ki, Bəqai bu barədə brifinqdə danışıb.
Onun sözlərinə görə, amerikalı rəsmilər bu cür bəyanatları bilərəkdən yayırlar.
İran rəsmisi, həmçinin Vaşinqtonun Tehran nümayəndələrinin guya 10–11 atom bombası hazırlamaq imkanından danışdığı barədə iddiaları da rədd edib. Bəqai bu bəyanatları “gülünc” adlandırıb və uranın 60 faizə qədər zənginləşdirilməsinin nüvə silahı istehsalı anlamına gəlmədiyini bildirib.
Reuters-in əvvəlki materiallarında qeyd olunurdu ki, İranın 60 faizə qədər zənginləşdirilmiş 400 kiloqramdan çox uran ehtiyatı var və bu səviyyə silah dərəcəsinə yaxın sayılsa da, hələ silah səviyyəsi hesab edilmir.
Qeyd edək ki, son günlər ABŞ-da İranın mümkün dron hücumu ilə bağlı narahatlıq artıb.
Kaliforniyada federal və yerli qurumlar FBI xəbərdarlığından sonra koordinasiyanı gücləndirsələr də, rəsmilər hələlik konkret və qaçılmaz təhlükə aşkar edilmədiyini bildiriblər.
Bizim.Media































































































