İranın Hörmüz boğazında gəmi hərəkətinə ciddi təzyiqləri fonunda Pakistan bayrağı altında üzən bir neft tankerinin boğazı keçərək Pakistan istiqamətində hərəkət etməsi diqqət çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg gəmi izləmə məlumatlarına istinadən yazıb.
Məlumata görə, Pakistanın National Shipping şirkətinə məxsus Karachi adlı tanker Fars körfəzini tərk edib və bölgədə ABŞ-İsrail zərbələri başlayandan sonra marşrutu davam etdirən azsaylı tankerlərdən biri olub.
Bloomberg qeyd edir ki, Aframax sinfinə aid olan bu gəmi bazar ertəsi səhər Oman sahillərində, Sohar yaxınlığında müşahidə edilib.
Reuters daha əvvəl yazmışdı ki, Pakistan artan regional risklərə görə dəniz ticarət marşrutlarını qorumaq üçün “Muhafiz-ul-Bahr” adlı təhlükəsizlik əməliyyatına başlayıb və Pakistan Hərbi Dəniz Qüvvələri ticarət gəmilərini müşayiət edir. Ölkənin ticarətinin təxminən 90 faizi dəniz marşrutlarından asılıdır və enerji idxalı baxımından Hörmüz boğazı Pakistan üçün həyati əhəmiyyət daşıyır.
Son günlərdə boğazda tanker hərəkətinin kəskin azalması, gəmilərə hücumlar və liman əməliyyatlarının dayanması barədə çoxsaylı məlumatlar yayılıb.
Reuters və Financial Times-ın materiallarında qeyd olunur ki, bölgədə bir sıra tankerlər hücuma məruz qalıb, onlarla gəmi isə risk səbəbindən hərəkətsiz qalıb. Bu baxımdan Pakistan tankerinin marşrutu davam etdirməsi bazar üçün ayrıca siqnal kimi qiymətləndirilir.
Bizim.Media






























































































