Fransanın Le Parisien nəşri yazır ki, Avropa Parlamentinin bəzi deputatları İranı dünya xəritəsində düzgün göstərə bilməyiblər. Söhbət martın əvvəlində Strasburqda TMC kanalının “Quotidien” proqramı üçün çəkilmiş sorğudan gedir.
Bizim.Media xəbər verir ki, jurnalist siyasətçilərə üzərində ölkə adları yazılmayan xəritə təqdim edib və onlardan İranı göstərməyi xahiş edib. Nəticədə bəziləri İranı Bolqarıstan, Türkiyə, Əfqanıstan və hətta Səudiyyə Ərəbistanı ilə səhv salıb. Fransa hökumətinin Avropa məsələləri üzrə nümayəndəsi isə birbaşa İranın özünü yox, Hörmüz boğazını göstərib.
Le Parisien-in yazdığına görə, yanlış cavab verənlər arasında sosialist deputat Emma Rafoviç, “Renessans” partiyasından Fabienne Keller, “yaşıllar”dan Mari Tussen və David Korman da olub.
Eyni materialda qeyd edilir ki, Manon Obri, eləcə də bəzi digər siyasətçilər suala düzgün cavab veriblər.
Bu görüntülər əvvəlcə martın 2-də yayımlansa da, daha sonra sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub. Manon Obri sonradan X platformasında yazıb ki, bu səhvlər Avropa Parlamentinin İranla bağlı qərarlar verməli olduğu bir vaxtda xüsusilə düşündürücüdür.
Bizim.Media
































































































