ABŞ paytaxtının mərkəzində, National Mall ərazisində ABŞ prezidenti Donald Tramp və mərhum maliyyəçi Jeffrey Epşteyn təsvir olunan qalmaqallı art-instalyasiya quraşdırılıb.
Bizim.Media xəbər verir ki, 10 martda quraşdırılan heykəl məşhur Titanik filmindəki məşhur səhnəni təkrarlayır. Orijinal səhnədə aktyor Leonardo DiCaprio canlandırdığı Cek obrazı gəminin burnunda dayanaraq “I’m the king of the world!” (“Mən dünyanın kralıyam!”) deyə qışqırır.
Yeni instalyasiyada isə həmin səhnə Tramp və Epşteyn obrazları ilə canlandırılıb. Buna görə də layihə “King of the World” (“Dünyanın kralı”) adlandırılıb.
Heykəlin hər iki tərəfində yerləşdirilən lövhələrdə filmdəki Cek və Rouz obrazlarının hekayəsi ilə Tramp və Epşteyn arasındakı əlaqə arasında paralel aparılır. Mətnlərdə onların münasibətinin “lüks səfərlər, şənliklər və gizli eskizlərlə” əlaqələndirildiyi qeyd olunur.
İnstalyasiyanın müəllifi Secret Handshake adlı art-qrupudur. Qrupun nümayəndələri yerli WUSA9 telekanalına bildiriblər ki, heykəlin ətrafında Tramp və Epşteynin münasibətlərinə həsr olunmuş 10 banner də yerləşdirilib.
Aktivistlər aksiyanın satirik xarakter daşıdığını bildiriblər. Onların sözlərinə görə, 2026-cı ildə Vaşinqtonda prezidentin böyük portretlərinin federal binalarda yerləşdirilməsi fonunda onlar da “öz versiyalarını əlavə etmək” qərarına gəliblər.
Eyni təşkilat 2025-ci ilin payızında da oxşar heykəl quraşdırmışdı.
Həmin instalyasiya “Best Friends Forever” (“Əbədi ən yaxşı dostlar”) adlanırdı və Tramp ilə Epşteyni əl-ələ tutub rəqs edən formada təsvir edirdi.
Lakin o heykəl qısa müddət sonra ABŞ Milli Park Polisi tərəfindən ərazidən götürülmüşdü.


Bizim.Media




































































































