İsrail həyata keçirilən əməliyyat zamanı İran və Hizbullahla əlaqəli bir neçə yüksək rütbəli şəxsin öldürüldüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, hücum Beyrut şəhərində yerləşən və komandanların gizləndiyi mülki hoteli hədəf alıb.
İsrailin açıqlamasına görə, əməliyyat nəticəsində aşağıdakı şəxslər öldürülüb:
- Məcid Həsəni – Hizbullah üçün maliyyələşdirmə və silah istehsalına cavabdeh şəxs;
- Əlirza Biazər – SEPAH-ın Qüds qanadının kəşfiyyat şöbəsinin rəhbəri;
- Əhməd Rəsuli – Fələstin Korpusunun kəşfiyyat zabiti.
İsrail tərəfinin məlumatına görə, hücum zamanı kəşfiyyat zabiti Hüseyn Əhmədlu və Hizbullah nümayəndəsi Əbu Məhəmməd Əli də öldürülüb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.

Bizim.Media































































































