ABŞ ilə Rusiya arasında artan geosiyasi rəqabət qlobal enerji bazarında yeni gərginlik yaradıb. ABŞ-ın təzyiqi ilə Rusiya neftinin alışını azaldan Hindistan enerji böhranının dərinləşməsi fonunda yenidən Moskva ilə əməkdaşlığa qayıtmaq istəyib. Lakin Rusiya bu dəfə nefti əvvəlki kimi endirimlə satmayacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, son illərdə Hindistan Rusiyadan nefti endirimli qiymətlərlə alaraq enerji ehtiyacının böyük hissəsini təmin edirdi. Lakin ABŞ rəhbərliyi Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində Yeni Dehlidən Moskva ilə enerji əməkdaşlığını azaltmağı tələb edib.
Vaşinqton bu məqsədlə Hindistanla aparılan ticarət danışıqlarında gömrük rüsumları və iqtisadi təşviqlərdən istifadə edərək ölkənin enerji siyasətinə təsir göstərməyə çalışıb. Bildirilir ki, Hindistan Rusiyadan neft alışını azaltmağa razılaşdıqdan sonra ABŞ bəzi hind məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını azaltmağı planlaşdırıb.
Qlobal enerji bazarında yaranan böhran və neft qiymətlərinin yüksəlməsi Hindistanı yenidən Rusiya ilə əməkdaşlıq etməyə məcbur edib. Məlumata görə, ABŞ Hindistana 30 gün müddətinə Rusiyadan neft almağa icazə verib.
Bundan sonra Hindistan yenidən Moskva ilə neft tədarükü barədə danışıqlara başlayıb.
Lakin Rusiya bu dəfə fərqli mövqe nümayiş etdirib. Moskva Hindistanın neft almaq istəyinə cavab olaraq bildirib ki, Rusiya Hindistana neft satmağa hazırdır, lakin artıq əvvəlki kimi endirim tətbiq edilməyəcək, neft daha yüksək bazar qiymətləri ilə satılacaq.
Bu qərar qlobal enerji bazarında yeni balansın formalaşdığını və Rusiya ilə Hindistan arasında enerji münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir.
Bizim.Media





























































































