Ağ Evin mətbuat katibi Karolayn Levitt deyib ki, ABŞ prezidenti Donald Trampın İrana endirdiyi son zərbələrin onun “blef etmədiyini” açıq şəkildə göstərir.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Levitt qeyd edib ki, Trampın rəqibləri onun yalnız bəyanatlar verəcəyini və “qırmızı xətlərinin” icrasını tələb etməyəcəyini düşünürdülər.
“Terroçular hesab edirdilər ki, prezident Tramp özündən əvvəlki bir çox liderlər kimi yalnız danışacaq və konkret qırmızı xətlərin yerinə yetirilməsini tələb etməyəcək. Lakin bu, fəlakətli səhv oldu. Prezident Tramp hədələyəndə (mən son bir ildə bu tribunadan dəfələrlə bunu demişəm) o, blef etmir”, – deyə Levitt bildirib.
Onun sözlərinə görə, zərbələr İran tərəfindən gələn təhlükəyə cavab olaraq həyata keçirilib və əməliyyatın dörd əsas məqsədi var:
İranın ballistik raket proqramlarının məhv edilməsi, İranın dənizdəki hərbi mövcudluğunun zəiflədilməsi, proksi terror qruplarının zərərsizləşdirilməsi və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması.
Levitt bildirib ki, Tehran sülh yolunu rədd edib.
“Bu rejimin hakimiyyətində olan terrorçular nüvə silahı əldə etmək və onu amerikalılara və müttəfiqlərimizə qarşı istifadə etmək istəyirdilər”, – deyə o qeyd edib.
Ağ Ev rəsmisi əlavə edib ki, İranda rejim dəyişikliyi əməliyyatın əsas məqsədi deyil, lakin ayrı-ayrı liderlərin aradan götürülməsi müsbət qiymətləndirilir.
“Prezidentin dəfələrlə dediyi kimi, biz İranın terrorçu rejim tərəfindən idarə olunmasını istəmirik. ABŞ bir terrorçunu məhv edəndə bu, ölkəmiz və xalqımız üçün yaxşı gündür”, – deyə Levitt vurğulayıb.
O bildirib ki, əməliyyatın başlanması qərarı İranın ali lideri Ayətullah Əli Xameneinin və digər rəhbərlərin yerləşdiyi yerlə bağlı kəşfiyyat məlumatlarına əsaslanıb və zərbələrin vaxtı bu məlumatlara uyğun seçilib.
Levitt ABŞ-ın qızlar üçün nəzərdə tutulmuş ibtidai məktəbə zərbə endirməsi barədə iddiaları da təkzib edib və bildirib ki, əməliyyat yalnız “cinayətkar İran rejiminə” qarşı yönəlib.
“ABŞ-ı mülki əhaliyə zərbə endirməkdə ittiham etməməyi tövsiyə edərdim, çünki bizim silahlı qüvvələrimiz belə hərəkət etmir”, – deyə o bildirib.
Ağ Evin sözçüsü əlavə edib ki, Tramp hazırda İrana ABŞ quru qoşunlarının göndərilməsi variantını nəzərdən keçirmir və əsas məqsəd “Qəzəb” əməliyyatının sürətli və effektiv şəkildə həyata keçirilməsidir.
“Hazırda bu, əməliyyat planına daxil deyil. Lakin mən ABŞ prezidentinin və ali baş komandanın hərbi imkanlarını heç vaxt istisna etmərəm”, – deyə Levitt vurğulayıb.
Bizim.Media































































































