ABŞ administrasiyasının rəhbəri Donald Tramp hesab edir ki, İrana endirilən zərbələrdən sonra Vaşinqton üçün Tehranla diplomatik razılaşmalara nail olmaq daha asan olacaq.
Bizim.Media xəbər verir ki, o bu mövqeyini "CBS News" telekanalına müsahibəsində səsləndirib.
"Əlbəttə, bu, dünənlə müqayisədə daha asan olacaq", - deyə Ağ Evin rəhbəri gələcəkdə İranla razılaşmaların mümkünlüyündən danışarkən bildirib. O, mövqeyini bununla əsaslandırıb ki, İrana çox güclü zərbələr endirilir. Eyni zamanda, "CBS News"un yazdığına görə, Tramp ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını müharibə adlandırmaqdan imtina edib.
Xatırladaq ki, 28 fevralda İsrailin müdafiə naziri İsrael Kats ölkənin Müdafiə Ordusunun İrana preventiv zərbə endirdiyini açıqlayıb. Əməliyyat "Şirin nəriltisi" adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra Prezident Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun məlumatına görə, ABŞ-ın əməliyyatı "Epik qəzəb" adlanır. İran isə cavab olaraq İsrailə onlarla ballistik raket buraxıb. SAXAL zərbələri təsdiqləyib, ölkə üzrə hava həyəcanı siqnalları səslənib, hava hücumundan müdafiə sistemləri işə düşüb.
Bundan əlavə, İran Yaxın Şərqdə - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını "Doğru vəd 4" adlandırıb.
Bizim.Media




























































































