Yaxın Şərqdə yeni müharibə ALOVLANIR – Hədəfdə İran deyil, bu iki ölkə var

Yaxın Şərqdə yeni müharibə ALOVLANIR – Hədəfdə İran deyil, bu iki ölkə var

Hazırda oxunan: Yaxın Şərqdə yeni müharibə ALOVLANIR – Hədəfdə İran deyil, bu iki ölkə var

598490

Yaxın Şərq yeni münaqişəyə sürüklənir. İraq növbəti dəfə Küveytə meydan oxuyur.

Belə ki, fevralın 21-də İraq Xarici İşlər Nazirliyi Küveytə nota göndərərək bildirib ki, rəsmi Bağdad BMT-yə yenilənmiş coğrafi koordinatları təqdim edib. Bununla da İraqın dəniz koordinatlarını 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun şəkildə rəsmi olaraq yenidən təyin edilib.

Təbii ki, rəsmi Bağdadın açıqlaması Küveytin rəsmi etirazına səbəb olub. Çünki rəsmi Əl-Küveytin fikrincə Bağdadın dəniz sərhədlərini yenidən müəyyənləşdirmək qərarı qonşusunun suverenliyini pozur.

Üstəlik, 7 ərəb dövləti Küveytin tərəfini tutaraq İraqın öz dəniz əraziləri və marşrutları üzərində hüquqlarını məhdudlaşdıran qərarından narahatlıqlarını bildiriblər.

Mehriban düşmənlər

Ərəbistan yarımadasının şimal-şərqində yerləşən İraq, cənubda yerləşən Küveytdən ərazisinə görə 40 dəfə böyükdür. Son səkkiz ildir ki, iqtisadiyyatı enerji ixracına əsaslanan Küveyt, onilliklər boyu davam edən müharibə və qeyri-sabitlikdən qurtulmaq üçün mübarizə apardığı bir vaxtda İraqın ən vacib tərəfdaşlarından biri olub.
 

2018-ci ildə Küveyt İraqın yenidən qurulmasına 2 milyard dollar sərmayə qoymağı öhdəsinə götürdü. Lakin zahirən yaxşı qonşuluğa baxmayaraq, iki dövlət arasında ciddi fikir ayrılığına səbəb olan məsələlərdən biri dəniz sərhədləridir. Nəzərə alaq ki, İraqın Fars körfəzinə iki çıxış nöqtəsi var. Bunlardan biri İraq və İran sərhədindəki Şatt əl-Ərəb çayıdır. Bu çay 1980-1988-ci illərdə İran-İraq müharibəsinə səbəb olmuşdu.

 

Digər çıxış yolu isə Qərbdə Küveytin Bubiyan və Vərbah adaları ilə şərqdə İraqın Əl-Fav yarımadası arasında uzanan şimali Fars körfəzindəki Xor Abdullah su yoludur. Bu çay Küveyt və İraq arasındakı dəniz sərhədinin bir hissəsini təşkil edir.

Mübahisənin əsas səbəbi

Xor Abdullah İraq və Küveyt arasında onilliklərdir davam edən sərhəd mübahisəsinin mənbəyidir. 1959-cu ildə Bağdad Küveytlə dəniz sərhədlərini müəyyən etmək üçün hidroqrafiya mütəxəssislərinə tapşırıq verdi və Xor Abdullahın rəhbərliyi altında orta xətt bölgüsü təklif edildi.

Dövlətlərin dəniz sərhədləri 1967-ci ildə qəbul edilmiş bir fərmanla müəyyən edilsə də, sonradan BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən yeniləndi. Amma Xor Abdullahla bağlı heç bir qərar qəbul edilmədi.

İraq və Küveyt arasındakı dəniz sərhədi nə 1990-cı ildə İraqın Küveytə hücumu ilə başlayan İkinci Körfəz Müharibəsindən sonra, nə də 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra həll edilmədi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dövlətlər arasında quru sərhədini müəyyən etdi, lakin dəniz sərhədinin müəyyən edilməsi tərəflərin ixtiyarına buraxıldı.

Yalnız 2013-cü ildə İraq və Küveyt Xor Abdullahla bağlı razılığa gəldilər. Belə ki, tərəflər su yolunun istifadəsi ilə bağlı hüquq və öhdəliklər müəyyən etdilər və ticarət gəmiləri üçün xüsusi keçidin yaradılmasını təmin etdilər.

Saziş cəmi 10 il davam etdi. 2023-cü ildə İraq Federal Məhkəməsi müqaviləni ləğv etdi, bu da ikitərəfli münasibətləri gərginləşdirdi. Nəticədə Küveytin İraqın suverenliyinə mümkün iddiaları ilə bağlı narahatlığı artdı.

İraq nə istəyir?

İraqın BMT-yə təqdim etdiyi yeni dəniz sərhəd koordinatları iki kiçik Küveyt adasını əhatə edir. Bunlar Fəşt əl-Qaid və Fəşt əl-Eic adalarıdır. İraq artıq 2019-cu ildə Fəşt əl-Eic ilə bağlı iddialarını bildirib. Hətta, Küveytin adada neft platforması tikməsini qadağan edib və qonşusunu sularda naviqasiya hüquqlarını pozmaqda ittiham edib. İraq Xarici İşlər Nazirliyi yeni koordinatların dəqiq olduğunu və ölkənin "dəniz ərazilərində hüquqlarını və yurisdiksiyasını" qoruduğunu bildirir.

Bəs, digər ərəb dövlətləri İraqın iddialarına necə reaksiya verir?

Yuxarıda qeyd etdiyimiz kimi artıq 7 ərəb ölkəsi rısmi Bağdadın iddialarına qarşı çıxıb. Həmin dövlətlər İraqın BMT-yə yeni dəniz koordinatları təqdim etmək qərarını Küveytin suverenliyini pozduğu üçün qınayıblar.

Məsələn, BƏƏ Xarici İşlər Nazirliyi İraqı bütün dəniz sərhəd məsələlərini regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək konstruktiv dialoq və diplomatiya yolu ilə həll etməyə çağırıb.

Səudiyyə Ərəbistanı vəziyyəti yaxından izlədiyini bildirib. Çünki İraqın təqdim etdiyi yeni koordinatlar ölkələrin birgə təbii sərvətləri istismar etdiyi Səudiyyə-Küveyt neytral zonasına bitişik əraziləri əhatə edir.

Qətər də İraqın qərarının Küveytin suverenliyini pozduğunu bildirib. Rəsmi Doha beynəlxalq hüququn norma və prinsiplərinin nəzərə alınacağına ümid etdiyini bəyan edib.

Oman Küveytin bütün dəniz əraziləri və suları üzərində suverenliyini dəstəkləyərək, onunla həmrəyliyini ifadə edib.

İordaniya Xarici İşlər Nazirliyi dəniz sərhədi məsələsi ilə bağlı İraqın hərəkətlərini son dərəcə narahatlıqla izlədiyini və qardaş Küveytin suverenliyini dəstəklədiyini bildirib.

Bəhreyn rəsmi Bağdadı Küveytlə İraq arasında tarixən mövcud olan yaxın münasibətləri xatırlamağa çağırıb.

Misir isə xatırlatdıb ki, regiondakı mövcud vəziyyət mürəkkəbdir və eskalasiya riski olduqca yüksəkdir. Ona görə də tərəflər mübahisəni qarşılıqlı anlaşma və mehriban qonşuluq əsasında həll etməlidirlər.

Qərb isə susur

Nəzərə alaq ki, İraq-Küveyt problemi 70 ilə yaxındır ki, mövcuddur. Lakin İraqın bununla bağlı BMT-yə etdiyi müraciətlər heç zaman diqqətə alınmayıb. Yəqin ki, son müraciət də baxılmamış qalacaq. Çünki Qərb Yaxın Şərqdə yeni münaqişə ocağının yaranmasında maraqlıdır.

Əvvəllər də qeyd etdiyimiz kimi, Yaxın Şərqdə yeni münaqişə ərəb dövlətləri arasında planlaşdırılır. Bu mənada rəsmi Bağdadın 21 fevral bəyanatı Qərbin planlarına tam uyğun gəlir.

Maraqlıdır ki, İraq fars körfəzinə çıxış üçün İrana yox, Küveyti hədəf alıb. Bu məqam da Qərbin maraqlarına tam cavab verir. Çünki Qərb gizli tərəfdaşı olan İranı regional çəkişmələrdən qoruyur. Üstəlik, İranın hazırkı İraq hökuməti üzərində kifayət qədər təsiri var. Bu mənada Küveytin hədəf kimi göstərilməsi Qərblə yanaşı İranın da maraqlarına uyğundur.

Bəs, mübahisə müharibəyə çevrilə biləcəkmi?

Bu daha çox Qərbin istəyindən asılıdır. Ehtimal ki, qısa müddətli də olsa İraqla Küveyt arasında hərbi toqquşmalar yaşanacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO