Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə 1000-dən çox keniyalını cəlb etdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi Keniya kəşfiyyatının məlumatlarına istinadən xəbər yayıb.
Qeyd olunur ki, bu rəqəm ölkə hakimiyyətinin indiyədək ehtimal etdiyindən beş dəfə çoxdur.
Keniya parlamentinin aşağı palatası – Milli Assambleyada çoxluğun lideri Kimani Ichung'wa fevralın 18-də kəşfiyyat hesabatını deputatlara təqdim edib.
Sənədə əsasən, korrupsiyaya qurşanmış məmurlar və insan alverçilərindən ibarət şəbəkə potensial döyüşçülərin “verbovka”sı ilə məşğul olub. Cəlb edilənlər arasında keçmiş hərbçilər, polis əməkdaşları və işsiz şəxslər də var. Verilən vədlərə görə, aylıq əməkhaqqı təxminən 2715 ABŞ dolları (2308 avro), əlavə mükafatlar isə 9309 dollara (7916 avro) qədər olub.
Məlumata görə, fevral ayına olan vəziyyətə əsasən 89 keniyalı Ukrayna cəbhəsində həlak olub, 39 nəfər xəstəxanalarda müalicə alıb, 28 nəfər isə itkin düşmüş hesab edilib.
Reuters yazır ki, işə qəbul agentlikləri hava limanlarının, immiqrasiya xidmətlərinin korrupsiyaya qurşanmış əməkdaşları, eləcə də Rusiyanın Nayrobidəki səfirliyi və Keniyanın Moskvadakı diplomatik nümayəndəliyinin bəzi işçiləri ilə əməkdaşlıq edib.
Nayrobidəki Rusiya diplomatik missiyası isə Moskvanın qeyri-qanuni “verbovka”da iştirakını təkzib edib.
Bildirilib ki, xarici vətəndaşlar könüllü şəkildə Rusiya Silahlı Qüvvələrinin sıralarına qoşula bilərlər.
Bizim.Media





























































































