Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda özünü dövlət çevrilişi və sabotaçılıqda günahkar saymadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə gürcü KİV-ləri yazıb.
Mixeil Saakaşvili məhkəmədə bildirib ki, əslində ona dövlət çevrilişi cəhdi ittihamı ilə yanaşılmır, əksinə “o, Bidzina İvanişvilinin (hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi) ev akvariumundakı köpəkbalığını təhqir etmək ittihamı ilə mühakimə olunur”.
Məhkəmə iclası sabiq prezident ilə hakim Buqianişvili arasında qarşıdurma ilə başlayıb: hakim Saakaşvilini vəsatətə çağıraraq müvafiq skamyada əyləşməyi təklif edib, lakin sabiq prezident cavab verib ki, o, “məktəbli deyil və lazım bildiyi üçün ayaqda qalacaq”. Mixeil Saakaşvili məhkəmə icraçıların kobud rəftarı ilə bağlı şikayət edib və hakimi “dəqiq olmayan insan” adlandırıb. Bunun ardından Buqianişvili sabiq dövlət başçısını məhkəmə zalından çıxarmaqla hədələyib.
Keçən il Gürcüstan Baş Prokurorluğu Mixeil Saakaşvilinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi (“Gürcüstan dövlət hakimiyyətinin zorla dəyişdirilməsi və devrilməsinə çağırış”) üzrə altıncı cinayət işi açıb. Prokurorlar məhkəməyə Saakaşvilinin sosial şəbəkədəki bəyanatlarından skrinşotlar və çıxarışlar təqdim ediblər. Bu maddəyə əsasən, cəza müddəti üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Mixeil Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanı idarə edib və 2021-ci il sentyabrın 29-da Ukraynadan Gürcüstana geri qayıtdıqdan sonra, süd məhsulları konteynerində gizlənərək, həbs edilib. Həmin vaxtadək o, Tbilisi məhkəməsi tərəfindən 3 və 6 il müddətinə həbs cəzasına məhkum olunmuşdu.
2025-ci il martın 17-də Tbilisi Şəhər Məhkəməsi sabiq prezidentin ona qarşı irəli sürülmüş ittihamlar üzrə ümumi cəza olaraq, dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərinin pozulması, eləcə də qanunsuz sərhəd keçidi ilə bağlı 12,5 il həbs cəzası kəsib.
Beləliklə, Mixeil Saakaşvili yalnız 2034-cü ilin aprelində azadlığa çıxa biləcək.
Bizim.Media






























































































