Rusiya ordusu Zaporojye vilayətində Dobropolye və Primorsk yaşayış məntəqələri istiqamətində irəliləyib.
Bizim.Media xəbər verir ki, bu barədə DeepState analitik layihəsi məlumat yayıb.
Analitiklər qeyd ediblər ki, söhbət Zaporojye vilayətində yerləşən Dobropolye kəndindən gedir və Donetsk vilayətinin Pokrovsk rayonundakı eyni adlı şəhər nəzərdə tutulmur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 1 fevral saat 22:00-a olan məlumatına görə, sutka ərzində 150 döyüş toqquşması baş verib. Rusiya qüvvələri 25 aviazərbə endirib, 76 idarəolunan aviasiya bombası atıb, 2872 kamikadze dron tətbiq edib və yaşayış məntəqələri ilə mövqeləri 2452 dəfə atəşə tutub.
Məlumata əsasən, Pokrovsk istiqamətində 31 hücum qeydə alınıb, bəzi ərazilərdə döyüşlər davam edir. Digər istiqamətlərdə Ukrayna qüvvələri bir sıra hücumların qarşısını alıb.
DeepState-in əvvəlki məlumatlarında da Rusiya ordusunun Gulyaypolenin şimalında və Ternuvatoye istiqamətində irəliləməyə cəhd etdiyi bildirilmişdi. Ukrayna Müdafiə Qüvvələri düşmənin daha da irəliləməsinin qarşısını almağa çalışır.
Bizim.Media


































































































