ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaska sammiti zamanı çəkilən və daha sonra həmkarının ona hədiyyə etdiyi şəkli Ağ Evin divarından asıb.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Elizabet Landers "X" sosial şəbəkəsində məlumat yayıb.
O, Ağ Evin Qərb Qanadını Amerika prezidentinin iqamətgahı ilə birləşdirən foyedə Tramp və Putinin Ankoric sammitindən birgə çəkilən fotosunu gördüyünü bildirib.
Landers tərəfindən paylaşılan şəkildə, liderlərin birlikdə çəkdirdikləri şəklin altında nəvəsinin əlindən tutmuş Trampın çərçivəyə salınmış fotosu da asılıb.
“RİA Novosti” agentliyi müəyyən edib ki, Ağ Evdə yerləşdirilən Tramp və Putinin şəkli ölçü və kompozisiya baxımından Rusiya liderinin Alyaska sammitindən sonra amerikalı həmkarına göndərdiyi foto ilə eynidir. Agentlik, həmçinin Trampın eyni fotonu 22 avqustda Oval Ofisdə nümayiş etdirdiyini də bildirib.
Xatırladaq ki, ötən ilin avqust ayında Putin və Tramp yeddi ildən sonra ilk genişformatlı görüş keçiriblər.
Zirvə görüşü Alyaskadakı Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri Bazasında baş tutub və liderlərin "əhəmiyyətli irəliləyiş" elan etməsi ilə başa çatıb, lakin heç bir razılaşma imzalanmayıb.
İki lider Ukraynadakı münaqişəyə son qoymaq, nüvə silahlarına nəzarət perspektivləri və ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələrini bərpa etmək kimi məsələləri müzakirə ediblər.

Bizim.Media




































































































