Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhər sakinlərini imkan daxilində paytaxtı tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kliçko özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, kritik infrastrukturun zədələnməsi səbəbindən Kiyevdə çoxmənzilli yaşayış binalarının təxminən yarısı — 6 minə yaxın bina hazırda istilik təchizatından məhrumdur.
“İmkanı olan paytaxt sakinlərinə müraciət edirəm ki, müvəqqəti olaraq elektrik və istilik üçün alternativ mənbələrin mövcud olduğu şəhərdən kənar ərazilərə köçsünlər”, — deyə mer bildirib.
O, eyni zamanda şəhərdə su təchizatında da fasilələrin yaşandığını qeyd edib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın baş naziri Yuliya Sviridenko Kiyevdə yarım milyondan çox insanın işıqsız qaldığını açıqlamışdı. Sviridenko əlavə edib ki, ölkənin əksər vilayətlərində ayrı-ayrı yaşayış məntəqələrində də elektrik enerjisinin verilməsində kəsintilər müşahidə olunur.
Bizim.Media































































































