Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

Hazırda oxunan: Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

585870

Xəbər verdiyimiz kimi Berlində ABŞ, Aİ və Ukrayna rəsmi nümayəndələri arasında görüşdə Aİ ölkələri və Vaşinqton Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəliblər.

Bu barədə məlumat verən Almaniya kansleri Fridrix Merts bildirib ki, bu, həqiqətən də əvvəl heç vaxt olmayan, genişmiqyaslı və məzmunlu bir razılaşmadır. Onun sözlərinə görə, həm avropalılar, həm də amerikalılar birlikdə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdırlar.

Onu da qeyd edək ki, müharibənin dayandırılması fonunda ölkəsinə təhlükəsizlik zəmanətinin verilməsi Ukrayna Prezidentinin əsas şərtlərindən biri olub.

Görəsən, NATO-nun 5-ci maddəsi nədən ibarətdir və ona əsasən Ukraynaya hansı zəmanətlər veriləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, NATO nizamnaməsinin 5-ci maddəsinin mahiyyətinə görə, quruma üzv olan dövlətlərin hər hansı birinə başqa bir kənar ölkənin hücumu Alyansda təmsil olunan hər bir dövlətə hücum kimi dəyərləndiriləcək:

“Bu mənada həmin maddə üzv ölkələri xarici təhlükələrdən qorumaq üçün yaxşı bir zəmanətdir. Amma ondan sonra gələn müddəalar isə prosesin həyata keçirilməsini bir növ çətinləşdirir. Bundan sonra NATO üzvləri təcavüz aktı barədə məsləhətləşmələrə başladıqları haqda üzərlərinə öhdəlik götürürlər. Bu məsləhətləşmələr nəticəsində də təcavüz aktına qarşı hansı tədbirlər görəcəkləri barədə Alyans üzvləri konsensus əsasında hansısa bir ümumi razılığa gəlməlidirlər”.

Politoloqun fikrincə, Ukraynaya verilən bu təhlükəsizlik zəmanəti “nisyə” vəddir:

“Rusiya Ukraynaya hücum edərək, onun bir sıra ərazilərini işğal edib. NATO dövlətləri bu fonda da məsləhətləşmələr apararaq, Ukraynaya yardım üçün onsuz da hansısa tədbirlər görürlər.

Ukraynaya çoxsaylı silah, pul verilir. Digər tərəfdən, Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Gizli və könüllü şəkildə təlimatçılar vasitəsilə də Kiyevə kömək edirlər. Amma heç bir NATO dövlətinin ordusu rəsmi şəkildə dəstək üçün Ukraynaya daxil olmayıb. Onlar yaxşı anlayırlar ki, Rusiya nüvə dövlətidir. Odur ki, verilən təhlükəsizlik zəmanəti söhbəti nisyə söhbətdir”.

Çıxış yolu Moskva ilə normal münasibətlər qurmaqdır.

Həmsöhbətimiz qeyd edir ki, Ukraynanın təhlükəsizliyinin əsas zəmanəti Rusiya ilə bağlıdır və bu, Moskva ilə normal münasibətlərin qurulması və güclü ordunun yaradılmasından keçir:

“Onu da qeyd edim ki, NATO-ya üzv olmaq məsələsi Ukraynanın daxili siyasətində hakimiyyət uğrunda mübarizədə bir alət, oyun olub. Baxmayaraq ki, NATO onları gözləmir. Buna rəğmən, Ukrayna məsələni öz konstitusiyasına da daxil edib”. 

Rüfət Sultan, Biizm.Media  

  

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO