TRIPP layihəsində (Zəngəzur dəhlizi – red.) Rusiyanın iştirakı müzakirə mövzusu deyil.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.
“İstəyirsinizsə, bunu 160 dəfə təkrar edim: belə müzakirələr yoxdur. Mən hipotetik suallara cavab vermirəm”, — deyə Rubinyan əlavə edib.
Beləliklə, erməni vitse-spiker Rusiya XİN-in MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kaluqinin Moskvanın TRIPP layihəsində iştirakı İrəvanla müzakirə etməyə hazır olması barədə bəyanatına cavab verib.
Kaluqin RİA Novosti-yə müsahibəsində xatırladıb ki, “RJD” ASC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” Ermənistanın dəmir yolu şəbəkəsini konsessiya əsasında idarə edir:
“Yolun əsas hissəsi sərhədçilərimizin məsuliyyət zonasından keçəcək. Ermənistanın Aİİ (Avrasiya İqtisadi İttifaqı) üzvlüyü amilini də nəzərə almaq lazımdır. Aydındır ki, tərəfdaşlar Rusiyasız keçinə bilməzlər”.
Bu arada, “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputat, parlamentin xarici əlaqələr komissiyasının sədri Sargis Xandanyan bugünkü iclasda bildirib ki, TRIPP layihəsi çərçivəsində Ermənistanın cənubunda tikiləcək yeni dəmir yolu “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin balansında olmayacaq. Bununla belə, deputat qeyd edib ki, tərəflərin razılığı ilə Rusiyanın layihədə iştirakı məsələsi gələcəkdə müzakirə oluna bilər.
“Hazırda ölkədə fəaliyyət göstərən dəmir yolları “Cənubi Qafqaz Dəmir Yolu”nun balansındadır. Tramp marşrutu” çərçivəsində nəzərdə tutulan 43 kilometrlik dəmir yolu isə TRIPP şirkətinə (layihə çərçivəsində yaradılması planlaşdırılan şirkət – red.) məxsus olacaq”, — deyə Xandanyan bildirib.
Onun sözlərinə görə, TRIPP layihəsi üzrə danışıqlar Ermənistan və ABŞ arasında aparılır. Hər hansı digər tərəfin – istər şirkət, istərsə də ölkənin – cəlb edilməsi məsələsi Vaşinqton razılaşmalarında göstərildiyi kimi, gələcəkdə tərəflərin razılığı ilə müzakirə edilə bilər. (Mənbə: News.am)
Bizim.Media
































































































