İki gün ərzində ABŞ-ın xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşner Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi Andriy Qnatovla görüşüblər. Tərəflər "güclü və ədalətli sülhə doğru etibarlı yol"un irəliləməsini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff H.V. sosial hesabında məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton və Kiyevdən olan nümayəndələr ABŞ-la Rusiya nümayəndə heyəti arasında son görüşün nəticələrini, eləcə də müharibəyə son qoymaq üçün mümkün addımları müzakirə ediblər. Xüsusilə, tərəflər Ukraynanın müharibədən sonrakı yenidən qurulması üçün təhlükəsizlik və dəstək çərçivəsi barədə razılığa gəliblər.
"Hər iki tərəf qeyd edib ki, istənilən razılaşmaya doğru real irəliləyiş Rusiyanın gərginliyin azaldılması və qətllərə son qoyulması da daxil olmaqla, uzunmüddətli sülhə ciddi sadiqliyini nümayiş etdirmək istəyindən asılıdır", - Vitkoff vurğulayıb.
Amerikalı rəsmi qeyd edib ki, müharibəyə son qoymaq, atəşkəs və gərginliyin azaldılması istiqamətində etibarlı addımlar atmaq "yenidən təcavüzün qarşısını almaq və Ukraynanın yenidən qurulması üçün hərtərəfli planı həyata keçirmək üçün vacibdir".
Xatırladaq ki, bu, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff, müşavir Cared Kuşnerlə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Qnatovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti arasında son iki həftə ərzində keçirilən altıncı görüş idi.
Surxay Atakişiyev, Bizim.Media

































































































