Bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və xanımı Elke Büdenbenderin Kral III Çarlzın dəvəti ilə Böyük Britaniyaya dövlət səfəri başlayır.
Bizim.Media xəbər verir ki, bu, son 27 ildə Almaniya Prezidentinin Britaniyaya ilk dövlət səfəridir.
Dekabrın 5-dək davam edəcək səfər çərçivəsində Prezident və xanımı Vindzor sarayında Kral III Çarlz və Kraliça Kamilla tərəfindən rəsmi şəkildə qarşılanacaqlar. Günün ikinci yarısında Prezidentin Baş nazir Kir Starmer ilə görüşü planlaşdırılır.
Səfərin ilk günü Vindzor sarayında təşkil olunacaq dövlət ziyafəti ilə başa çatacaq. Dövlət səfərinin ikinci günü Kraliça II Elizabetin məzarının ziyarət olunması, vətəndaş cəmiyyəti fəalları və könüllülərlə görüşün keçirilməsi, Britaniya parlamentində çıxış nəzərdə tutulub.
Almaniya Prezidenti səfərinin sonuncu günündə Koventri şəhərinə yollanacaq. Burada Koventri katedralı ilə tanışlıqdan sonra alman və britaniyalı hərbçilərlə görüş, eləcə də “Siemens Healthineers” şirkətinə səfər nəzərdə tutulur.
Səfər Frank-Valter Ştaynmayrə Oksford Universitetinin fəxri doktoru adının verilməsi mərasimi ilə başa çatacaq.
Bizim.Media




























































































