Berlinin ehtimalına görə, Rusiya 2029-cu ildən etibarən öz ordusunu kifayət qədər bərpa edib NATO-nun şərqindəki üzvünə hücum edə bilər.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu risk daha tez baş verə bilər.
Jurnalist ona əvvəlki fikirlərini xatırladaraq sual verib ki, Almaniyanın müdafiəsini gücləndirmək üçün vaxtı varmı?
Pistorius cavabında belə deyib: “Bu sual hələ də spekulyativdir. Hərbi ekspertlər və kəşfiyyat xidmətləri təxmin edə bilərlər ki, Rusiya silahlı qüvvələri nə vaxt o həddə çata və NATO-nun şərqindəki üzvünə hücum edə bilər. Biz həmişə demişik ki, bu, 2029-cu ildən etibarən mümkün ola bilər”.
“Biz elə təsəvvür yaratmamalıyıq ki, NATO özünü müdafiə edə bilmir. Əksinə, müdafiə qabiliyyətinə malikdir. Onun ciddi çəkindirici potensialı var — həm adi, həm də nüvə. Bununla yanaşı, biz döyüş qabiliyyətli ordumuzun olmasına baxmayaraq, onu daha da yaxşı təchiz etməliyik”, — deyə nazir vurğulayıb.
Qeyd edək ki, oktyabrda Almaniya kəşfiyyat xidmətinin rəhbəri də Rusiyanın NATO ilə birbaşa hərbi toqquşmaya hazır ola biləcəyini və bunun 2029-cu ilə qədər baş verə biləcəyini demişdi.
Bunun fonunda noyabrın əvvəlində Prezident Volodimir Zelenski Almaniyanın yeni dəstəyi hesabına Ukraynanın hava hücumundan müdafiəsində Patriot sistemlərinin gücləndirildiyini açıqlamışdı.
Almaniya, həmçinin DefendAir adlı PUA raketlərinin hazırlanması və alınmasına təxminən 490 milyon avro ayırıb.
Bizim.Media





































































































