ABŞ-la Mərkəzi Asiya ölkələri arasında TARİXİ ANLAŞMA – Azərbaycan logistik mərkəzə ÇEVRİLİR

ABŞ-la Mərkəzi Asiya ölkələri arasında TARİXİ ANLAŞMA – Azərbaycan logistik mərkəzə ÇEVRİLİR

Hazırda oxunan: ABŞ-la Mərkəzi Asiya ölkələri arasında TARİXİ ANLAŞMA – Azərbaycan logistik mərkəzə ÇEVRİLİR

580392

Məlum olduğu kimi, noyabrın 6-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Orta Asiyanın 5 dövlətinin rəhbərlərilə birgə sammiti keçirilib. Tədbir çərçivəsində tərəflər arasında çoxmilyardlıq iqtisadi sazişlər imzalanıb.

Razılaşmaların detalları

ABŞ və Qazaxıstan dünyada ən iri işlənməmiş volfram yataqlarından birinin birgə istismarı ilə bağlı razılığa gəliblər. Razılaşmanın dəyəri 1,1 milyard dollardır. Bundan başqa, Qazaxıstan, Tacikistan və Özbəkistan aviaşirkətləri ABŞ-dan 37 ədəd “Boeing” təyyarəsi almaqla bağlı da saziş imzalayıblar.
 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Astanada və Vaşinqtonda mineral resurslar, energetika və nəqliyyat sahəsində ümumilikdə 17 milyard dollarlıq sazişlər imzalanıb. Tokayev həmçinin diplomatik sahədə Qazaxıstanın ABŞ-ın təşəbbüsü ilə yaradılmış “İbrahim sazişləri” prosesinə qoşulmağa hazır olduğunu qeyd edib.


Özbəkistanla ABŞ arasında imzalanan sazişlərin ümumi dəyəri isə 135 milyard dollar təşkil edir. Belə ki, növbəti üç il ərzində Özbəkistan Amerikanın əsas sənaye sahələrinə, o cümlədən əsas faydalı qazıntılar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya, informasiya texnologiyaları və digər sahələrə təxminən 35 milyard dollar, növbəti on il ərzində isə 100 milyard dollardan çox sərmayə qoyacaq.

Orta Dəhliz diqqət mərkəzində

Sirr deyil ki, Mərkəzi Asiya böyük iqtisadi potensiala malik regiondur. Ona görə də dünya gücləri bu regiona nəzarət etməyi özlərinin başlıca vəzifəsi hesab edir. Həmin iqtisadi potensialın son ünvana çatdırılmasında əsas rolu isə birmənalı şəkildə Orta Dəhliz oynayır.

ABŞ-nin Orta Asiya ilə strateji münasibətlərinin formalaşması və dərinləşməsi Azərbaycan vasitəsilə mümkündür. Çünki Orta Asiyaya ən əlverişli çıxış məhz Cənubi Qafqaz və Xəzər dənizi üzərindən təmin olunur.

Bu isə öz növbəsində Azərbaycan üçün də yeni imkanların açılması deməkdir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan üçün əsas hədəf loqistik mərkəzə çevrilməkdir:

“Bu mənada ABŞ-la Mərkəzi Asiya ölkələri arasında əldə edilən anlaşmalar Azərbaycanı əsas keçid nöqtələrindən birinə çevirir. Belədə ölkəmizin tranzit gəlirləri də artacaq. Amma tranzit gəlirləri əsas deyil”.

Ekspertin fikrincə, loqistik mərkəzə çevrildikdən sonra Azərbaycan üzərindən cənuba, şimala, şərq və qərbə yüklərin bölüşdürülməsi də baş verəcək:

“Əsas məsələ də budur. Məsələn, ölkəmiz böyük şirkətlərin, “Amazon”, “Temu”, “Trendyol”un, mərkəzinə çevrilə bilər. Nəticədə məhz ölkəmizin ərazisindən bir çox sifarişlərin çatdırılması mümkünləşəcək. Bu isə hətta tranzit gəlirlərindən belə daha çox qazanc gətirəcək”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO