Qazaxıstan mediası bu gün saxlanılan şəxslərdən birinin mitinqdə iştirak etmək üçün Qırğızıstandan gəldiyi haqda video yayıb. Qırğızıstan sakinləri onu tez-tez Almatıya qastrol səfərinə gələn məşhur caz musiqiçisi Vikram Ruzaxunov kimi tanıyırdılar.
Bizim.Media xəbər verir ki, bu barədə Kaktus.media saytı məlumat yayıb.
Videoda üzündə sıyrıq olan gənc deyir ki, yanvarın 1-də naməlum şəxslər ona zəng edərək 90 min təngəyə (200 dollar) aksiyada iştirak etməyi təklif ediblər:
“Qırğızıstanda işsiz olduğum üçün razılaşdım. Mənə bilet aldılar. Almatıya uçdum və orada Tacikistan və Özbəkistan vətəndaşlarının da olduğu bir mənzilə aparıldım, amma nə danışdıqlarını başa düşmədim. Mitinq başlayanda qorxdum, evimə qayıtdım, gecələdim və ertəsi gün evə getmək qərarına gəldim və məni Samsı kəndində hərbçilər saxladılar”.
Musiqiçinin yaxınları videoda Vikram Ruzaxunovun olduğunu təsdiqləyiblər. Onların dediyinə görə, ona işgəncə veriblər.
Qırğızıstanın Xarici İşlər Nazirliyi bildirib ki, hazırda ölkənin səlahiyyətli orqanları ilə birlikdə videoda çəkilmiş vətəndaşın həbsi faktının bütün hallarının aydınlaşdırılması ilə məşğuldurlar.
Nazirlik Qazaxıstandakı Qırğızıstan vətəndaşlarını bu ölkədə qanunvericiliyə və qalma qaydalarına riayət etməyə, təxribatlara uymamağa, münaqişəli vəziyyətlərdə iştirak etməməyə, insanların sıx toplaşdığı yerlərdən uzaq durmağa və yaşadıqları yerlərdə qalmağa çağırıb.
Bizim.Media