Eks-müdafiə naziri Marçuk belə bir xəbərdarlıqla çıxış edib
“Yaxın iki gün Ukraynanın müstəqillik tarixində yaşayacağı ən kritik günlər olacaq”. Bu sözlərin müəllifi Ukraynanın keçmiş müdafiə naziri Yevgeni Marçukdur. Marçuk martın 27-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyanın Ukrayna ilə sərhəddəki qoşunlarının sayını artırması Krımın işğalından daha ağır nəticələrə gətirib çıxara bilər.
Onun sözlərinə görə, Ukraynanın dövlət təhlükəsizliyi Rusiyanın indiyə qədər görünməmiş təhdidi altındadır: “Rusiyanın Ukrayna ərazisində geniş hərbi əməliyyatlara başlaması an məsələdir. Artıq bunun işartıları görünməkdədir. Hücum başlayarsa Ukrayna Silahlı Qüvvələri qarşılıq vermək məcburiyyətindədir. Çünki əks halda ölkə yeni ərazi itkiləri ilə üz-üzə qala bilər”.
Marçuk deyib ki, Donetsk və çevrəsində mülki geyimli xeyli “turist” peyda olub, onların aktiv şəkildə təşkilatlandığı artıq yalnız hüquq-mühafizə orqanlarında deyil, sıravi vətəndaşlara da bəllidir: “Rusiya artıq Krımdakı səhvlərini təkrarlamaq, əraziyə birbaşa hərbi geyimli şəxslər qüvvələr yeritmək istəmir. Böyük ehtimalla Rusiya bu dəfə mülki şəxslərə avtomat paylamaqla onların hakimiyyət orqanlarını tutmasını təmin etməyə çalışır”.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi martın 27-də Ağ Evdə də müzakirə edilib. ABŞ kəşfiyyatının açıqlamalarında bildirilir ki, Rusyanın Ukrayna ilə bağlı planları düşünüldüyündən daha genişmiqyaslıdır, Rostov Don, Kursk, Belqorod da daxil olmaqla geniş ərazini əhatə edir. ABŞ bildirir ki, Rusiya adı çəkilən ərazilərin işğalı üçün 30 min canlı qüvvəni yüksək hazırlıq vəziyyətinə gətirib.
Rusiyanın hərbi təcavüzü ilə üz-üzə qalan rəsmi Kiyev bir tərəfdən də prezident seçkilərinə hazırlaşır. İddiaçılar siyahısına eks-baş nazir, Avromaydanın qələbəsindən sonra həbsdən azad edilən Yuliya Timaoşenko da var. “Batkivşina” Partiyasının lideri olan Yuliya Timoşenko bu qərarını Kiyevdə keçirdiyi mətbuat konfransında açıqlayıb. Martın 29-da partiya qurultayının bu haqda rəsmi qərar verəcəyi gözlənilir.

Timoşenko deyib ki, prezident kürsüsünə iddia etməsinin 6 səbəbi var: “Mən Ukraynada iqtisadiyyatın reanimasiyadan çıxması üçün nələr etmək gərəkdiyini bilirəm. Eyni zamanda oliqarxiyanın ləğvi və ölkədə qanunun aliliyinin təmin edilməsinin, korrupsiyanın kökünün kəsilməsinin yollarını da bilirəm”.
“Xarici işlər Maydanı” xeyriyyə fondu isə yeni Kiyev administrasiyasına Rusiyanın hərbi müdaxiləsinə eyni dildə cavab verməsi üçün çağırış edib. Maydan diplomatları martın 27-də qəbul etdikləri bəyanatda bildirir ki, rəsmi Kiyev Ukrayna torpaqlarını xarici təcavüzdən qorumaq üçün bütün hüquqi vasitələrdən, o sıradan hərbi-siyasi yoldan yararlanmalıdır.
Xarici işlər Maydanı eyni zamanda ölkə qanunvericiliyinə dəyişiklik edilməsini və ölkə ərazisinə NATO qüvvələrinin buraxılmasını qanuniləşdirməyi təklif edir.

Martın 27-də Ukrayna Qazaxıstana nota verib. Səbəb Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Haaqadakı brifində Ukraynanın öncə prezident, parlament seçkiləri keçirməli, qanuni hökumət formalaşdırmalı, daha sonra isə Rusiya ilə sülh danışıqlarına başlayaraq prosesləri hüquqi məcraya yönəltməli olması haqda dedikləridir.
Ukrayna XİN-də Qazaxıstanın bu ölkədəki səfiri A.Ospanova təqdim olunan notada bildirilir ki, Nazarbayevin Ukraynadakı böhran haqqında fikirləri iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinə təhlükə olmaqla yanaşı beynəlxalq hüquq norma və prinsiplərinə ziddir.




































































































