İraq müharibəsi zamanı ABŞ Ordusunun aparıcı generalı, keçmiş Ordu komandiri Raymond Odierno 67 yaşında xərçəngdən ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “The Hill” nəşri yayıb.
Mənbə yazır ki, Odierno Albaniya, Küveyt, İraq və ABŞ-da birliklərə komandanlıq edib.
2003-cü ildə İraqın keçmiş lideri Səddam Hüseynin tapılması və tutulması əməliyyatında da iştirak edib. 2008-2010-cu illərdə Odierno koalisiyaya, sonra isə İraqdakı Amerika qüvvələrinə rəhbərlik edib. 2015-ci ilə qədər ABŞ Ordusunda Baş Qərargah rəisi vəzifəsində çalışıb.
General Odierno 2003-cü ildə İraqın şimalında türk əsgərlərini əsir alan 4-cü Mexanikləşdirilmiş Briqadanın komandiri olub. Bu hadisə Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olub.
O zaman Türkiyə parlamenti ABŞ qoşunlarının İraqı işğal etmək üçün Türkiyə ərazilərindən istifadə etməsinə icazə verən qətnamə layihəsini rədd edib.
Anadolu xəbər verir ki, onun rəhbərlik etdiyi briqada iraqlılara qarşı qəddarlığı ilə yadda qalıb.Odiernonun əsgərləri mülki əhalini zorla evlərindən çıxarır, döyür və Əbu Qreyb həbsxanasına salırmış. Orda isə əsirlərə işgəncə verilirmiş.
Bizim.Media