Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ekoloji istiqamətin inkişafının lap əvvəlindən bu ali məktəbin məzunlarının gənc nəsli iştirak edib: 2011-ci ildə Universitetdə yaradılan “MGIMO Goes Green” tələbə klubu Rusiyada ekologiya üzrə ilk tələbə təşkilatlarından biri olub.
2014-cü ildən isə MDBMİ-də “Oeconomicus” İqtisadi Klubunun təşkilatçılığı ilə dayanıqlı inkişaf üzrə iri beynəlxalq gənclər forumu keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyində keçirilən mətbuat konfransında MDBMİ-nin Təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemləri kafedrasının müdiri, MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev bildirib.
Mətbuat konfransı oktyabrın 14-16-da MDBMİ-də keçiriləcək Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının “Yeni Rusiyanın xarici siyasətinin 30 illiyi” mövzusunda XIII Konventinə həsr olunub.
Konvent çərçivəsində, həmçinin dayanıqlı inkişafa və ESG-transformasiyaya dair 1-ci Rusiya beynəlxalq konfransı keçiriləcək.
R.Əliyev qeyd edib ki, MDBMİ 2015-ci ildə dayanıqlı inkişaf prinsiplərini həyata keçirən “Green Metric World University Ranking” Beynəlxalq Universitetlər Reytinqinə daxil olan Rusiya ali məktəblərinin birincilərindən olub.
2020-ci ildə Təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemləri kafedrasının təşəbbüsü ilə Universitetin Məzunları Assosiasiyasının nəzdində MDBMİ-nin “EcoCommunity” təşkilatı – ekologiya və dayanıqlı inkişaf problemlərinə laqeyd qalmayan abituriyentlərin, tələbələrin və məzunların təşkilatı yaradıldı.
Qrupun missiyası beynəlxalq səviyyəli ekoloq obrazının formalaşdırılması, dinamik və inkişafı qabaqlayan ekoloji təhsilin stimullaşdırılması, MDBMİ-nin abituriyentləri, tələbələri və məzunları arasında uzunmüddətli qarşılıqlı əlaqələrin qurulması üçün bu ali məktəbin məzunlarının əqli potensialını birləşdirməkdir.
Bizim.Media