ABŞ bu gün İsrailə nə ƏMR edəcək? - İranla MÜHARİBƏ, yoxsa...

ABŞ bu gün İsrailə nə ƏMR edəcək? - İranla MÜHARİBƏ, yoxsa...

Hazırda oxunan: ABŞ bu gün İsrailə nə ƏMR edəcək? - İranla MÜHARİBƏ, yoxsa...

32179

İsrail mətbuatının verdiyi məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns 11 avqustda İsrailə rəsmi səfər edəcək. “Valla Nyus” qəzetinin verdiyi məlumatda MKİ şefinin İsrail baş naziri Naftali Bennet və xarici kəşfiyyat xidməti “Mossad”-ın rəhbəri David Barnea ilə görüşəcəyi qeyd olunur.

Görüşün əsas məqsədi isə İranın son həftələrdə Yaxın Şərq və Körfəz regionunda hərbi fəaliyyətlərini gücləndirməsidir. MKİ direktorunun İsrailə səfərinin İranla gərginləşən münasibətlər zəminində baş tutması xüsusilə diqqət çəkir. Belə ki, 29 iyulda İran tərəfindən İsrail şirkətinə aid tankerin (“Mercer Street”) hədəf alınması nəticəsində İsrail və İran arasındakı münasibətlər daha da gərginləşib. İran tərəfindən dəstəkləndiyi bildirilən silahlı qruplar pilotsuz uçuş aparatları vasitəsilə tankerə hücum etməsi nəticəsində bir Britaniya və bir Rumuniya vətəndaşı həlak olub. 
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ-ın Şerlok Holmsı” CİA rəhbəriliyinə namizəd təyin edildi


ABŞ Yaxın Şərqə qayıdır?

Hücumdan dərhal sonra İsrail baş naziri Naftali Bennet İrana lazımlı cavabın veriləcəyini açıqlayıb. ABŞ Dövlət Katibi Antoni Blinken də bir müddət öncə İranı məsuliyyətsiz hərəkət etməkdə ittiham edib. Müttəfiqlərlə baş verənlərin müzakirə edildiyini qeyd edən Blinken, İran tərəfindən Hind okeanında həyata keçirilən hücumlara ortaq cavab veriləcəyini də bildirib. Uilyam Börnsün İsrail səfərinin bu “ortaq cavaba” hazırlıq olub olmadığı isə hələlik aydın deyil.

Ekspertlərin fikrincə, səfər ABŞ-la yeni İsrail höküməti arasında münasibətlərin səviyyəsini göstərmək baxımından olduqca önəmlidir. Çünki mühafizəkar Netanyahu höküməti ilə Bayden administrasiyası arasındakı münasibətlər isti deyildi və ABŞ İsraildə hökümət dəyişikliyinin ən böyük tərəfdarlarından biri idi. Qərb meylli Naftali Bennetin hakimiyyətə gəlməsi isə ABŞ-la əlaqələrin inkişaf etməsi baxımından olduqca əhəmiyyətli məsələdir.

İranda isə mühafizəkar qanadın təmsilçisi olan İbrahim Rəisinin prezident seçilməsi tərəflər arasındakı problemlərin dialoqla həll olunacağına ümidləri bir xeyli azaldıb. Rəisi hər nə qədər Qərblə münasibətləri normallaşdırmaqda istəkli olduğunu qeyd etsə də, onun mövqeyi heç də inandırıcı görünmür. Əksinə İran Yaxın Şərqdə hərbi aktivliyini və nüvə fəaliyyətini daha da artırmağa başlayıb. Bu isə təbii olaraq İsraili narahat edən məsələdir.

İran və İsrail arasında “cücə oyunu”

Hazırda İsrail və İranda yeni seçilmiş hökümətlər vəzifə başındadır və onların bir-birinə qarşı mövqeyi tam olaraq bəlli deyil. Yeni hökümətlərin qırmızı xəttlərinin nə olduğu, qarşı tərəfin fəaliyyətlərinə necə yanaşdıqları da qeyri-müəyyəndir. Son həftələrdə İsrail və İran arasında davam edən gərgin vəziyyətin səbəblərindən biri məhz bu müəyyənləşmə prosesi ilə bağlıdır.

Rəisi höküməti İsrailə qarşı radikal addımlar atmaqla regionda nüfuz qazanmağa və İsrailin qırmızı xəttlərini müəyyən etməyə çalışır. (Eyni zamanda ölkə daxili aqressiyanı boşaltmağa)
Çünki İsrailin birbaşa hədəf alınması və İsraildən gələn cavab regionda İranın gələcək fəaliyyət perspektivlərini müəyyən edəcək. Bütün dünyanın gözü isə İsrailin İranın aqressiv davranışlarına qarşı necə cavab verəcəyinə yönəlib.

Bu hər şeydən öncə Bennet hökümətinin İran siyasətinin konkret istiqamətini müəyyən etmək baxımından önəmlidir. 
 

Yaxın Şərq regionunda İran və İsrail arasında nüfuz mübarizəsi illərdir ki, davam edir. Hər yeni seçilən hökümət qarşı tərəflə münasibətdə radikal addımlar atmaqla bölgədə əsas söz sahibinin kim olduğunu göstərməyə çalışır.


Çünki total müharibə hər iki tərəf üçün də sərfəli deyil. Bu baxımdan son hadisələr və gərginləşən İsrail-İran münasibətlərini yeni hökümətlərin bir-birini yoxlamaq cəhdləri kimi qiymətləndirmək olar. 

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO