Əfqanıstan dünyanın yeni qaçqın böhranının mənbəyinə çevrilməkdədir. Belə ki, ABŞ-ın bölgəni tərk etməsindən sonra Talibanla Kabil hökuməti arasında gedən döyüşlər əfqan xalqını çətin duruma salıb. Bu səbəbdən on minlərlə sakin Əfqanıstanı tərk etmək məcburiyyətində qalıb.
Əfqanlar qərb yolunda
Lakin əfqanların pənah gətirə biləcəkləri ölkələrin sayı elədə çox deyil. Xüsusilə də, qonşu ölkələrin əfqanları öz ölkələrinə qəbul etməkdən boyun qaçırması səbəbindən qaçqınlar minlərlə kilometr məsafə qət edərək Qərbə doğru üz tutublar.
MÖVZU İLƏ BAĞLI:
Rusiya XİN: “Talibanın varlığı Əfqanıstan üçün zəruridir”
Qeyd edək ki, əvvəlki dövrlərdə Talibanla savaşlardan qaçan əhalinin böyük əksəriyyəti Pakistana üz tuturdu. Lakin qaçqınların bu istiqamətdə də yollarına daş qoyulub. Belə ki, rəsmi İslamabad Əfqanıstanla sərhəd boyunca tikanlı məftillər çəkərək qaçqınların girişinə maneə törədib.
Son dayanacaq kimi Avropanı seçən əfqanlara qarşı isə köhnə qitədə heç də isti münasibət yoxdur.
Belə ki, avropalı rəsmilər dəfələrlə yeni qaçqınların gəlişində maraqlı olmadıqlarını dilə gətirərək, problemə çözüm arayışına çıxıblar. Axtarış zamanı isə, Avropanın ağlına Suriya qaçqınlarına qarşı tapdıqları metod gəlib və yenidən rəsmi Ankara ilə razılıq əldə etməklə əfqanları Türkiyədə saxlamaq qərarına gəliblər.
Qərbin Türkiyə planı
Avropa isə “günah keçisi” olaraq Türkiyəni önə sürərək bir güllə ilə, bir neçə quş vurmağı hədəfləyir.
Birincisi, qaçqınları sərhədlərindən uzaqda saxlamaqla böyük iqtisadi yükdən yaxa qurtarmaq. Xatırladaq ki, daha əvvəl Avropa Türkiyə ilə suriyalı qaçqınlar məsələsində oxşar şəkildə razılıq əldə edib. Belə ki, anlaşmaya əsasən rəsmi Ankara suriyalıları ölkəsində saxlamağa, eyni zamanda Avropa Türkiyəyə onların saxlanması üçün lazımi dəstək verməyə razılıq verib. Bununla da cəmi 3 milyard avro məbləğ ödəməklə böyük yükdən canını qurtarmağı bacarıb. İndi də eyni razılığın əldə olunması Avropa üçün göydəndüşmə olacaq.
İkincisi, terror təhlükəsini dəf etmək. Əfqanıstandan Avropaya köç edənlər arasında müxtəlif terror qruplaşmalarının üzvlərinin də olması təhlükəsi böyükdür. Nəzərə alsaq ki, Əfqanıstanda 20-dən çox terror təşkilatı aktiv şəkildə fəaliyyət göstərir və onların əksəriyyəti Qərbə qarşı nifrətlə doldurulmuş radikal ekstermistlərdir, o zaman Avropanın qorxusunu da başa düşmək olar.
Üçüncüsü, Türkiyəni Əfqanıstan bataqlığına çəkmək. Yəqin ki, bu Qərbin Türkiyəyə yönəlmiş əsas planıdır. Belə ki, Türkiyə Qərbin “qaçış”ından sonra Əfqanıstanda qalan tək ölkədir. Bundan əlavə, əfqan qaçqınların da rəsmi Ankaranın boynunda qalması Türkiyəni əməli addımlar atmağa vadar edəcək. Çünki qaçqınların saxlanma xərcləri, ölkə daxilində onlara qarşı narazılığın yüksək səviyyəsi, eyni zamanda potensial təhdid mənbəyi olmaları səbəbindən rəsmi Ankara Əfqanıstanda fəaliyyətini genişləndirməyə məcbur olacaq.
Ona görə ki, ölkəsinə gələn qaçqınların qarşısını almaq üçün tək çıxış yolu məhz Əfqanıstanda sabitliyin bərpa edilməsidir.
Əfqanıstanda sülhün bərpa olunması isə, qısa müddətdə həll oluna biləcək məsələ deyil. Bunun üçün, Türkiyənin əlini daşın altına qoyaraq daha böyük qüvvə ilə hərbi əməliyyatlara qatılması lazım gələ bilər. Bu isə, SSRİ və NATO kimi güclərin baş çıxara bilmədiyi regionda Türkiyənin təkbaşına nəyəsə nail olması ən azı yaxın perspektivdə mümkün görünmür.
Lakin rəsmi Ankara da əfqan qaçqınlarına qarşı suriyalılarla olduğu kimi yumşaq üzünü göstərmək niyyətində deyil.
Buna görə də Türkiyə hökuməti İranla sərhəddə divar inşa etməklə qaçqınları sərhədindən uzaq tutmağa çalışır.
Görünənsə odur ki, Avropa bu dəfə istədiyinə nail ola bilməyəcək. Çünki artıq onların qarşısında daha güclü və qaçqın problemindən cana gəlmiş Türkiyə var.
Murad Əhmədov, Bizim.Media