"Açığı, bu görüş (Rusiya və Ukrayna nümayəndələri arasında görüş – red.) baş tutsa belə, onun səmərəlili olacağına çox da inanmıram. Düşünürəm ki, bu görüş doğrudan da çox vacibdir, xüsusilə də Tramp üçün. Ona hazırda uğur lazımdır. Ancaq Tramp Ukrayna ilə bağlı vəziyyəti uğurlu şəkildə formalaşdıra bilməyib".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış analitik, Qafqaz üzrə ekspert Vadim Dubnov deyib.
İstanbulda mümkün Rusiya-Ukrayna görüşünü şərh edən Dubnov, hər iki ölkənin münasibətləri normallaşdırmaq, sülh üçün kompramisə getmək istəmədiyini bildirib:
"Amma digər tərəfdən baxsaq, Tramp hazırda çətin vəziyyətdədir. Tramp, artıq hamını o vəziyyətə gətirib çıxarıb ki, bundan pisi olmayacaq. Yəni, o, artıq mövcud vəziyyətə uyğun razılaşmalara hazır olduğunu göstərib. İstənilən yenilik onun üçün bir növ bonus sayıla bilər. Bu baxımdan düşünürəm ki, o sadəcə “qiymətini qaldırır” və bu görüşdə iştirakını istisna etmir.
Amma mənim liderlər səviyyəsində görüşlə bağlı şübhələrim çoxdur. Düşünürəm ki, ümumiyyətlə, ən yüksək səviyyədə, yəni liderlər arasında görüş baş tutmayacaq. Ancaq mənim fikrimcə, bu mərhələdə əsas təzyiq Moskvaya yönəlib, çünki Kreml hazırda təşəbbüsü itirir".
Analitik hesab edir ki, danışıqlar nəticəsində atəşkəslə bağlı razılaşma əldə edilə bilər:
“Lakin qısa müddətdə yenidən atəşkəs pozulacaq. Ümumilikdə isə, Trampa Hindistan-Pakistan qarşıdurmasından sonra uğur sirri lazımdır. Amma məncə, Moskva bu məsələdə son qərarı verməyə tələsməyəcək və atəşkəslə bağlı uzun danışıqlar aparacaq. Kreml bu prosesi mümkün qədər ləngidəcək. Eyni zamanda, Rusiya, çox güman ki, Ukraynaya endirdiyi zərbələrini artıracaq. Çünki Rusiyanın əlindəki yeganə “kozır” budur və Ukraynaya zərbələr endirilməsi kifayət qədər təsirli metoddur”, - deyə V.Dubnov əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media