Gökçe Kübra Yıldırım dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380” tipli sərnişin təyyarəsinin kapitan kreslosuna əyləşən ilk türk qadın pilot olub.
Bizim.Media xəbər verir ki, Türk Hava Yollarının (THY) texniki xidmət, təmir və modifikasiya mərkəzi olan “THY Teknik A.Ş.” şirkətində təcrübə keçərək aviasiyaya addım atan Gökçe səma xəyallarını reallaşdırmaq qərarına gəlib.
O, lazım olan təhsili tamamladıqdan sonra THY-nin “Airbus” donanmasında ikinci pilot kimi işə başlayıb, daha sonra karyerasını Dubayda davam etdirməyə qərar verib.
12 il əvvəl aviasiya sənayesinə qədəm qoyan türk qadın pilot indi Dubayın ən böyük hava yolu şirkətində “Airbus A380” təyyarəsinin pilotudur. Gökçe Kübra Yıldırım dünyanın ən böyük iki mərtəbəli təyyarəsində kapitan pilot kimi işə başlayıb.
“Təxminən 12 il əvvəl başladığım bu səyahət məni bu gün kapitanlıq səviyyəsinə çatdırdı. Hər addımım, hər çağırış, hər uğur mənə çox şey qatıb. Bu peşə sadəcə iş deyil, həyatımın bir hissəsinə çevrilib. Mənə dəstək olan və hər zaman arxamda duran və bu gün burada olmağıma şərait yaradan hər kəsə təşəkkür edirəm” – deyə hisslərini sosial şəbəkə hesabında bölüşən türkiyəli qadın pilot bildirib.
Bizim.Media