24 fevral 2025 Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasının (EIDA) həmtəşkilatçılığı ilə İraqın Tel-Afər və Kərbəla şəhərlərində Azərbaycanı və İraqı təmsil edən alim və araşdırmaçıların iştirakı ilə Azərbaycan və İraq türkmanlarının ortaq mədəniyyət və dövlətçilik tarixinə, Azərbaycan dövlətçilik tarixində İraq türkmanlarının roluna həsr olunmuş silsilə tədbirlər keçirilib.
Bizim.Media xəbər verir ki, İraqın türkmanlar yaşayan Tel-Afər şəhərində əvvəlcə şəhər meriyasının tərəfdaşlığı ilə valilik binasında dəyirmi masa, daha sonra “Türkman Cəbhəsi”nin Nineva vilayəti nümayəndəliyinin tərəfdaşlığı ilə qurumun Tel-Afər nümayəndəliyində simpozium keçirilib.
Daha bir simpozium Kərbəla şəhərində İmam Hüseyn ziyarətgah kompleksinin Elmi Araşdırmalar mərkəzində kompleksin tərəfdaşlığı ilə keçirilib.
Tədbirlərdə AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Tofiq Nəcəfli, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Aslan Həbibov, AMEA Dilçilik İnstitutunun əməkdaşı Orxan İsayev, Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimov və başqaları, İraq tərəfdən türkman əsilli tarixçilər, araşdırmaçılar, ədəbiyyatçılar elmi məruzələrlə çıxış ediblər.
Elmi məruzələrdə ortaq tarixi irsin əks olunduğu Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin yaranması və inkişaf etməsində İraq türkmanlarının oynadığı roldan, həmin dövrdə tarixi şəxsiyyətlərin fəaliyyətindən, ortaq tarixi irsdən, Azərbaycan-İraq münasibətlərində türkman amilindən bəhs edilib.
Məruzəçilər öz çıxışlarında bu cür tədbirlərin iki ölkə arasında elmi əməkdaşlıq baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Səfər çərçivəsində Azərbaycandan olan qonaqlar İraqdakı digər elmi, ictimai mərkəzlərin nümayəndələri ilə də görüşlər keçiriblər.
Qeyd etmək lazımdır ki, artıq bir neçə ildir, EIDA -nın həmtəşkilatçılığı ilə İraqda türkman mədəni irsinin qorunmasına yönəlik müxtəlif tədbirlər həyata keçirilməkdədir.
Bizim.Media