“Fransa Ermənistana silah tədarük etməyi qərara alıb. 2023-cü ildə “Arquus” tərəfindən istehsal olunan “Bastion” texnikasının əvvəlcə Ukraynaya verilməsi nəzərdə tutulurdu. Lakin həmin texnikalar Ermənistana göndərildi, həmçinin 50 VAB MK3 zirehli transportyoru da bu ölkəyə çatdırıldı.
MÖVZU İLƏ BAĞLI:
Yüz illərdir davam edən İŞĞALIN SONU – Fransa Afrikada necə rəzil duruma DÜŞDÜ?
Bundan əlavə, “Thales Ground Master” (GM200) radarları üçün müqavilə imzalandı. 2024-cü ildə PGM snayper tüfənglərinin çatdırılması və Ermənistan zabitlərinin təlimi üçün niyyət məktubu ilə bağlı başqa bir müqavilə imzalandı”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru, politoloq Jan Mişel Brun deyib.
Politoloq, Fransanın bir ovuc erməninin əlində aciz qaldığına diqqət çəkib:
“Maraqlıdır ki, Fransa işğalçı qüvvələrin Azərbaycan ordusu tərəfindən azad edilmiş ərazilərdə minlərlə mina yerləşdirməsi ilə bağlı beynəlxalq konvensiyalara zidd olaraq susdu və 1993-cü ildə Ermənistanın işğalını təsdiqlədi. Bunun iki səbəbi var. Birincisi, Fransadakı ermənilər, Daşnaksütyun kimi millətçi hərəkatların Parisə təsiri böyükdür. Bu da onların səsverməsinə təsir göstərə bilər. Bu, heç bir partiyanın, o cümlədən prezidentin partiyasının risk etmək istəmədiyi bir məqamdır.
İkinci səbəb daha ideolojidir. Emmanuel Makron, “xristian Qərbin müsəlman Şərqə qarşı mübarizə aparacağı” iddia edilən "mədəniyyətlər müharibəsi" ilə bağlı ifrat sağın nəzəriyyələrini qəbul etməyi seçib. Ermənistan guya müsəlman dünyasının genişlənməsinə qarşı bir növ xristian səddi kimi görülür. Bu, ifrat sağ partiyalar tərəfindən açıq şəkildə müzakirə olunur”, - deyə J.M.Brun deyib.
Fransalı politoloq qeyd edib ki, Bakıya qarşı aqresiyanın digər səbəbi Makronun İslam düşmənçiliyidir:
“Bundan başqa, Azərbaycan multikulturalizm və inkluziv sekulyarizmin nümunəsidir. İlham Əliyev üçün dinlərin və mədəniyyətlərin müxtəlifliyi milli birliyə maneə deyil, əksinə onun təməllərindən biridir. Hər bir insanın inanclarına hörmət etmək, bütün vətəndaşlara hörmət etmək deməkdir. Bu mövqe Fransanın sağ qanadı üçün dözülməzdir. Onlar üçün xəyali düşmən təbii ki, İslamdır. Hər kəsin, inanclarından asılı olmayaraq, bir-biri ilə harmoniya içində yaşadığı müsəlman çoxluqlu bir ölkənin nümunəsi, bu nəzəriyyəni alt-üst edir. Bu da Azərbaycanın niyə “hədəf”ə çevrildiyini izah edir”.
“Fransanın addımları Ermənistana zərər verir”
Politoloq əlavə edib ki, hazırda Makronun Ermənistanı dəstəkləməsi əslində İrəvanın heç də xeyrinə deyil:
“Fransa dövlətinin Azərbaycana qarşı düşmən mövqeyi, Cənubi Qafqazdakı ermənilərin maraqlarına zidd olduğu üçün daha da anlaşılmazdır. Mənasız müharibələr nəticəsində Ermənistan iqtisadi olaraq məhv olub. Onlar sülhə və xüsusilə Türkiyə və Azərbaycanla normal münasibətlərin bərpasına can atırlar.
Fransa hökuməti, Fransadakı erməni diasporunun ifratçılarının mövqeyi ilə özünü uyğunlaşdırmaqla, davamlı sülh səylərinə mane olurlar”, - deyə politoloq əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media